"Planetin ən səssiz otağı" – Orada niyə qalmaq olmur?
    • 4-02-2023, 14:02
    • 227

"Planetin ən səssiz otağı" – Orada niyə qalmaq olmur?

Sükut hər birimizin zaman-zaman ehtiyac duyduğu bir şeydir. Lakin dünyanın ən sakit otağında olduğunuz zaman bu, sizi dəli edə bilər.

News24.az xəbər verir ki, bu dəfə "Planetin ən sakit yeri" olaraq bilinən otaqla bağlı maraqlı məlumatları təqdim edir.

2015-ci ildə “Microsoft” şirkəti Redmonddakı qərargahında  bir otaq inşa edir. Bu məkan -20,6 desibellə (səs gurluğunun ölçü vahidi) "Planetin ən sakit yeri" olaraq “Ginnesin Rekordlar Kitabı”na düşür.

- 20,6 desibel insan üçün nə deməkdir?

 Bu rəqəmi daha yaxşı başa düşmək üçün ilk növbədə qeyd etmək lazımdır ki, insanın eşitmə həddi 0 desibeldir. Lakin qulağımızın eşitməməsi heç də səsin olmaması demək deyil. Məsələn, otaq temperaturunda hava molekullarının toqquşması nəticəsində -24 desibel səs yaranır. Sözügedən otaqda isə heç kim bir saatdan artıq qala bilmir. İçəri girənlərin sözlərinə görə, hətta öz tüpürcəklərini udmaq belə inanılmaz dərəcədə yüksək formada eşidilir və bir müddətdən sonra başları gicəllənir. Gələcəyin texnoloji cihazlarının hazırlandığı bu otaq kənardan gələn səsin qarşısını almaq üçün altı qatlı beton divarlar içində yerləşir.

“Otaq içərisində otaq” olaraq təyin oluna bilən bu binada bütün divarlar 30 santimetr qalınlığındadır. Bununla da 110 desibel səsin qarşısı alınır.
 

“BBC”də yer alan xəbərə görə, kub şəklində olan otağın kənarları 6,36 metr uzunluğundadır. Bütün səthlər 1,2 metr səs uducu süngərlə örtülüb – yəni səsin divarlara dəyməsi və əks-səda verməsi mümkün olmur. Qapıların çərçivəsində də xüsusi izolyasiyalar var. Havalandırmadan, kabel girişlərindən tutmuş yanğınsöndürmə avadanlığına qədər hər şey xüsusi hazırlanıb.

 
Burada daxili orqanlarınızın səsini belə eşidəcəksiniz..

Bu otağın əsas özəlliklərindən biri sükut deyil,  bütün digər kənar səslər olmadığna görə öz bədəninizi duymağınızdır. Otağa girib qapını bağladıqdan qısa müddət sonra  ürək döyüntülərinizi eşitməyə başlayırsınız. Bir neçə dəqiqə sonra qan axını və sümüklərinizin necə səs çıxardığını belə dinləyə bilərsiniz. Otağa girənlər deyirlər ki, xarici aləmdən səs gəlmədikdə mütləq sükut tədricən qulaqlarınızda dözülməz cingiltiyə çevrilir.

 

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatında yerləşən şəhərdəki laboratoriyada tikilmiş yeni otaq da “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Bu otaq  -24 desibellə qeyd etdiyimiz “Planetin ən sakit yeri”nin rekordunu keçməyi planlaşdırır.//Sfera.az