23 dollar oğurladı, 14 il mağarada gizləndi
    • 3-03-2023, 10:12
    • 213

23 dollar oğurladı, 14 il mağarada gizləndi

Yanacaqdoldurma məntəqəsini 23 dollara qarət edən Çin sakini 14 il ərzində polisdən mağarada gizlənib.

News24.az xəbər verir ki, Liu Mouf iki tanışı ilə yanacaqdoldurma məntəqəsini qarət edəndə təxminən 30 yaşında olub.

Kassadan 23 dollar oğurlayan şəxslərin ikisi polis tərəfindən tez zamanda saxlanılıb. 

Liu Mouf həbs ediləcəyini anlayıb qaçmağa qərar verib. Polis onun ailəsini dindirib evində axtarış edərkən Liu günlərlə meşədə gizlənib.

O, daha sonra mağaraya sığınıb. Həmin vaxt ərzində ovladığı heyvanlarla və giləmeyvələrlə qidalanan Liu Mouf bəzən kartof və ət almaq üçün kəndə qayıdıb, bir neçə dəqiqə valideynləri ilə görüşüb. 

Liunun ailəsi dəfələrlə ondan polis orqanlarına təslim olmasını xahiş etsə də, o bundan imtina edib.

Yalnız 2023-cü ildə o, belə yaşaya bilməyəcəyini anlayıb. Polisdən gizləndiyi 14 il ərzində atasının yas mərasimində və oğlunun toyunda iştirak edə bilməyib. Eyni zamanda da nəvəsinin üzünü belə görməyib.

Moufu özü polisi mağaraya çağırıb və könüllü olaraq təslim olub. Liu hazırda həbsdədir və onu 10 ilə qədər həbs gözləyir. /Oddity Central/

Teymur MƏMMƏDOV