Ermənilər Yevlax görüşünü niyə pozdu? - DEPUTAT AÇIQLADI
    • 14-08-2023, 16:14
    • 551

Ermənilər Yevlax görüşünü niyə pozdu? - DEPUTAT AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın təklifi əsasında Qarabağ ermənilərinin nümayəndələri ilə razılaşdırılan görüş son anda pozulub.
 
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılan  bəyanatda bildirilir ki,  Yevlaxda keçirilməsi planlaşdırılan görüş barədə razılıqlara baxmayaraq ermənilər geri addım atıb. 
 
Mövzu ilə bağlı News24.az-a danışan deputat Arzu Nağıyev bildirib ki, Ermənistan havadarlarından icazəsiz görüşü keçirə bilməzdi.

"Məlum məsələdir ki, erməni separatçıları havadarlarından və onları idarə edən qüvvələrdən icazəsiz görüşlər keçirməzdilər. Onlar dəfərlə çıxışlar ediblər ki, görüşlərə beynəlxalq statuslar verilməli və üçüncü ölkənin iştirakı ilə baş tutmalıdır. Bu, şübhəsiz ki, separatçıların əsas  ciddi cəhdlə dedikləri və apardıqları siyasətlə bağlıdır. Bir daha qeyd etmək istərdim ki, Ermənistanda daxili və xarici siyasət heç də sözügedən dövlət tərəfindən idarə edilmir. Onlara nəzarət edən başqa güclər mövcuddur. Son vaxtlar dünyanın bir sıra ölkələrində keçirilən aksiyalarda onlar "yararlanmağa çalışdı". Sanki dünyada ermənilərə hər hansı diqqətin mövcudluğu barədə rəy yaratmağa çalışdılar. Ona görə də erməni tərəfi danışıqlardan yayınırdılar", - o deyib.
 
A.Nağıyevin sözlərinə görə, bu gün Qarabağda yaşayan erməni icmasını 3 kateqoriyaya bölmək olar: "Separatçılar, Azərbaycan bayrağı altında yaşayan bir sıra ermənilər və 30 illik işğal dövründə başqa yerlərdən Qarabağa köçürülənlər və oradan qaçmağa çalışanlar. Digər bir məsələ, Azərbaycanla danışıqlar aparacaq lider problemidir. Çünki bunun kim olacağı bəlli deyil. Azərbaycan öz fikrini və mövqeyini dəfələrlə bəyan edib. Problemlərin danışıq yolu ilə həllinə diqqət çəkib. Biz ərazilərimizdə yaşayan erməni əhalisi ilə danışıqlara getməyə hazırıq. Bu, bizim daxili işimizdir. Ermənistan tərəfi havadarlarından, rəhbər təyin etdiyi siyasi qüvvələrin icazəsi olmadan bu danışıqları həyata keçirə bilmədilər. Buna görə də Yevlaxda keçirilməsi nəzərdə tutulan görüşü son anda pozdular. 

Lakin Azərbaycan mövqeyini qoruyub saxlayacaq. Ölkəmizin digər etnik qruplara qarşı göstərdiyi münasibət Xankəndidə də bərqərar olacaq"- deyə deputat fikrini yekunlaşdırıb.

Ayşən Rəhim