Putin Ərdoğanın təklifinə necə reaksiya verəcək? - Türk general mühüm detalı açıqladı
    • 18-09-2023, 15:51
    • 280

Putin Ərdoğanın təklifinə necə reaksiya verəcək? - Türk general mühüm detalı açıqladı

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan önəmli bir təkliflə çıxış edərək bildirib ki, Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya liderləri ilə dördtərəfli görüş keçirilsin. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra atəşkəs razılaşması imzalandı, 34 ay müddət keçib amma hələ də ortada heç nə yoxdur. Təbii ki, danışıqlar aparılır. Ancaq bu məsələ gün keçdikcə daha qarışıq, daha çox dövlətin və beynəlxalq təşkilatların iştirak etdiyi bir hal alır”. 

Bunu News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğan bu problemin tez bir zamanda həll edilməsi və sülh müqaviləsinin imzalanması üçün sözügedən təklifi irəli sürüb: 

“Rusiyanın və Ermənistanın bunu qəbul etməkdən başqa çarələri yoxdur. Rusiya sülhməramlılar bölgəyə gəldiyi andan yaxşı mövqedə deyil. Bu məsələ ilə bağlı Rusiyanın təşəbbüsü hər keçən gün daralır. Rusiya da ABŞ və Fransanın iştirakı ilə həll yolu istəmir. Düşünürəm ki, Ərdoğan Soçidə Putinlə bu məsələni müzakirə edib. Tez bir zamanda bölgəyə sülh və əmin-amanlığın gəlməsi üçün imperial qüvvələrin, başqa maraqları olan dairələrin, ABŞ, Fransa və İran kimi dövlətlərin sülh sazişinin imzalanmasına təsiri olmamalıdır. Bunlar aradan qaldırılmalı, Azərbaycan və Ermənistan arasında sülh beynəlxalq hüquq, BMT-nin qəbul etdiyi qətnamələr və üçtərəfli saziş çərçivəsində yerinə yetirilməlidir”.

Y.Karauz qeyd edib ki, sülh müqaviləsinin imzalanması tezləşdirilməlidir:

“Ermənistan bu prosesin mövcud vəziyyətdə qalmasını istəyir. Rusiyadan daha çox Ermənistanın daxilində olan Qərbin satın aldığı dairələr bu prosesin passiv qalmasını təmin etmək istəyir. Hesab edirəm ki, digər ən önəmli aktor isə İran olacaq. Tehran bu prosesdən kənarda qalmaq istəməyəcək. Bundan əlavə, digər qüvvələrin də səsi çıxacaq, amma onların təsirli olacağını düşünmürəm. Əgər Rusiya sağlam qərar verərsə, ən qısa və ən az dövlətli həll həm bölgəyə, həm Azərbaycan və Ermənistana, həm də Rusiyaya töhfə verəcək. Türkiyə Azərbaycanın beynəlxalq hüquqla təmin olunan haqlarının müdafiəsində hər zaman onun yanında olub və bundan sonra da olacaq”.

Akqabay Mıradov