Sony oyun sənayesində uduzur
    • 14-02-2024, 17:33
    • 243

Sony oyun sənayesində uduzur

Sony, 2023-cü ilin üçüncü rübündə gəlirlərini 10 faiz artırdığını açıqladı. Bunun səbəbi kimi şirkətin maliyyə, kino və musiqi sahəsindəki uğurları göstərilir. Əslində, şirkətin 2025-ci ildə maliyyə departamentini ayıraraq Sony Financial Group adlı şirkət qurmağı planlaşdırdığı deyilir. Beləliklə, Sony daha çox oyun və əyləncə sektorlarına diqqət yetirmək istəyir.

News24.az xəbər verir ki, bir zamanlar yalnız elektron avadanlıqları ilə tanınan Sony, başda oyunlar olmaqla bir çox fərqli sektor üçün orijinal məzmun və aparat istehsal etməyə başladı. Bununla belə, şirkət 2023-cü il üçün PlayStation 5 satışını 25 milyon ədəd proqnozlaşdırsa da, cəmi 16,4 milyon ədəd sataraq bu təxmindən xeyli aşağı düşdü.

İnvestorlar oyun sənayesindəki enişi yaxından izləyərkən, Microsoft-un Xbox platforması üçün böyük satınalmalarının şirkət üzərində təzyiq yaratdığı iddia edilir. Oyun sənayesindəki enişin ən əhəmiyyətli səbəbləri mənfəət marjasını əhəmiyyətli dərəcədə azaldan kampaniyalar və oyun avadanlıqlarının, xüsusilə PlayStation-un satışlarının azalması kimi göstərildi.

Bununla belə, Sony 2024-cü il üçün oyun sənayesi üçün ümidlidir. Oktyabrda çıxan Marvel's Spider-Man 2 oyunu 10 milyon ədəd satdı və yeni PlayStation Slim versiyası rəflərdə yerini aldı.

Günel Məlikzadə