Benzin bahalaşacaq?
    • 1-03-2024, 09:27
    • 370

Benzin bahalaşacaq?

Azərbaycanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır. Bu barədə ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması ilə bağlı təklifi təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel yanacağının satışının minimum həcmini 16 %-ə qaldıracaq. Məlumata görə, qadağa Avrasiya İqtisadi Şurasının ölkələrinə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan), həmçinin Özbəkistan, Monqolustan, tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

News24.az bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında qeyd edib ki, son illərdə Azərbaycanın Rusiyadan idxal etdiyi benzinin miqdarı azalıb: 

“Azərbaycan Rusiyadan  2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min, 2023-cü ildə isə 40,2 min ton “Ai-95” markalı benzin idxal edib. Ümumiləşdirsək, Rusiyadan idxal 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək azalıb. Statistikaya əsasən deyə bilərik ki, benzin idxalında Rusiyadan asılılıq azalıb.  2024-cü ildə də bunun davam edəcəyini proqnozlaşdırmaq olar. Düşünürəm ki, Rusiyanın benzin ixracı qadağası Azərbaycanda benzin çatışmazlığına səbəb olmayacaq. Rusiyanın ixraca qadağa qoymasının səbəbi isə sanksiyaların istehal və emal proseslərinə olan təsiridir. 

Hesab edirəm ki, hazırkı məqamda ölkədə yanacağın qiymətində artım edilməyəcək. Bütün hallarda yekun qərarı Tarif Şurası verəcək. Digər istiqamətlərdən də benzin idxalını həyata keçirmək üçün potensial var. Ona görə də təchizatda problemin olacağı və qiymətin qalxacağına ciddi zərurət görmürəm”.

Qeyd edək ki, Azərbaycan 2023-cü ildə Rusiyadan 37,83 milyon ABŞ dolları dəyərində 40 min 262 ton “Aİ-95” markalı, 14,25 milyon ABŞ dolları dəyərində 17 min 387 ton “Aİ-92” markalı və 402,56 min ABŞ dolları dəyərində 357,1 ton “Aİ-98” markalı benzin tədarük edib. Azərbaycanın ötən il xaricdən aldığı 64 min 976 ton “Aİ-92” markalı benzinin 27 %-i, 86 min ton “Aİ-95” markalı benzinin 47 %-i və 2 min ton “Aİ-98” markalı benzinin 18 %-i Rusiyanın payına düşüb.