İranın qərarı Ukraynanı qəzəbləndirdi – “Bu, ölümcül səhvdir”
    • 8-03-2024, 22:43
    • 199

İranın qərarı Ukraynanı qəzəbləndirdi – “Bu, ölümcül səhvdir”

Ukrayna Rusiyaya qarşı yox, Rusiya-Şimali Koreya-İran ittifaqına qarşı mübarizə aparır. Qərbə demək lazımdır ki, əgər müharibəyə girmək istəmirsə, onda Kiyevi bu problemin həlli üçün lazım olan hər şeylə təmin etsin.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu savaşı həm də Qərbə qarşıdır:

“Vurğulamaq lazımdır ki, bu, Rusiyanın təkcə Ukraynayla müharibəsi deyil. Həmçinin Ukrayna üçtərəfli ittifaqla - Rusiya, İran və Şimali Koreyayla döyüşür. Belarusu bundan ayırırıq, baxmayaraq ki, bu ölkə Ukraynaya qarşı təcavüz üçün təlim meydançaları, resurslar və avadanlıqlar ayırıb. Yəni Ukraynaya onilliklər ərzində həllini tapmayan üç qlobal problemi birdən həll etmək təklif olunur. Amma əsas məqam ondan ibarətdir ki, bizə bu problemi resurs olmadan həll etmək təklif edilir”.

Podolyakın fikrincə, bu, Qərb demokratiyasının ən ölümcül səhvlərindən biridir.

“Qərbə belə bir sadə və aydın mesaj verməliyik: Biz anlayırıq ki, birbaşa döyüşmək istəmirsiniz. Bəli, qorxmağa haqqınız var. Amma bu, fərqli nizamı olan müharibədir - nəhayət, qlobal nizamı pozmağa çalışan üç təcavüzkar ölkənin müharibəsidir”.

Podolyak Rusiya ilə yanaşı, Şimali Koreya və İranın da öz hərbi resurslarını Ukraynaya qarşı səfərbər etdiyini söyləyib. Onun fikrincə, bu, bütün dünyanın təhlükəsizliyinə təhdiddir.