Stalinin qızını sevən Kapler - MARAQLI FAKTLAR
    • 30-03-2024, 19:10
    • 246

Stalinin qızını sevən Kapler - MARAQLI FAKTLAR

Müharibənin qızğın dövrü olmasına baxmayaraq onun Moskva ətrafındakı bağ evində tez-tez səsli-küylü əyləncə məclisləri təşkil edilib. Vasili Stalin (Stalinin oğlu) dostlarını, məşuqələrini məhz burada qarşılayıb. 1942-ci ildə isə xüsusi mühafizə olunan bu bağ evində yaradıcı insanlar görünməyə başlayıb. Belə ki, həmin il Mərkəzi Komitədə qəhrəman təyyarəçilər haqqında filmin çəkilməsi məsələsi müzakirə olunub. Məqsəd sovet vətəndaşlarına təyyarəçilərin qəhrəmanlığını, qələbənin təmin olunmasında onların göstərdikləri şücaəti təqdim etmək olub. Qərara alınıb ki, çəkiləcək filmin baş məsləhətçisi Vasili Stalin olsun.

Beləliklə, kino adamları tez-tez gözdən uzaq olan bağ evində kiçik Stalinin başına toplaşıblar. Bu görüşlər gecə yarıyadək içki süfrəsi arxasında davam edib. Filmin çəkilişinə ssenarist Aleksey Kapler də cəlb edilib. “Lenin oktyabrda”, “Lenin 1918-ci ildə” filmlərinə görə Stalin mükafatına layiq görülən Kapler məhz bu görüşlər ərəfəsində Vasili Stalinlə yaxın dostluq münasibətləri qura bilib. Təkcə Stalinin oğlu ilə deyil, həm də qızı Svetlana Alliluyeva ilə. Bu münasibətlər isə tanınmış ssenaristin həyatını bütövlükdə dəyişib.

Qeyd edək ki, Kapler müharibə illərində həm də hərbi müxbir kimi fəaliyyət göstərib. Vlasikin xəbərdarlığından sonra o, 1942-ci ilin noyabr ayında əvvəlki xidmət yerinə, Stalinqrada qayıdıb. Bir ay keçməmiş onun “Pravda” qəzetində “Leytenantın Stalinqraddan məktubu” adlı məqaləsi dərc olunub. Müəllif məqalədə sevdiyi qıza cəbhədəki hadisələr haqqında yazıb. Məqalənin sonluğu isə belə bitib: “İndi yəqin ki, Moskvada qar yağır və sən həmin qarı Kremlin divarlarına açılan pəncərəndən seyr edirsən...”

Kapler Kremlin divarlarına açılan pəncərə yazdıqda Stalinin Kremldəki mənzilinin pəncərəsini nəzərdə tutub və sözsüz ki, bunu hamı başa düşüb. Bu cür aşkarlıq Stalini özündən çıxarıb. Svetlana Alliluyevə xatirələrində atasının necə qəzəbləndiyini də xatırlayıb:

“Atamın qəzəbini sözlə ifadə etmək çətindir. Həmin gün o, redaksiyaya zəng vurub Kaplerin məqaləsinə görə oradakıların dərsini vermişdi. Atam onu da bilirdi ki, Kapler mənə hər həftə məktub yazır. Həmin məktubları məndən tələb etdi. Mən sakitcə onları atama verdim. Əsəblə onları cırdı və söylədi ki, bu yazı yazmağı bacarmayan müxbir ingilis casusudur. Mən bu ifadənin altında nələrin dayandığını yaxşı bilirdim. Yaxşı bilirdim ki, Kapler həbs olunacaq və bunun qarşısını almaq mümkünsüz idi...”

Beləliklə, çox keçmədən Aleksey Kapler 3 mart 1943-cü ildə haqqında açılan 6863 saylı cinayət işi ilə həbs edilib. Təbii ki, cinayət işində Stalinin ailə üzvlərinin heç birinin adı hallanmayıb. Kapler antisovet təbliğatda ittiham olunub. Məhkəmə zamanı o, qəzetdə dərc olunan yazılarını təqdim edərək antisovet təbliğatı ilə heç zaman məşğul olmadığını sübut etsə də, cəhdləri boşa çıxıb. Amma cəzası az da olsa yüngülləşib. O, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Vorkutaya göndərilib.

5 ildən sonra Aleksandr Kapler cəzasını çəkib Moskvaya qayıdıb. Cəzaçəkmə müəssisəsindən çıxanda ona Moskvaya getməsinin qadağan olması haqqında yazılı məlumat versələr də o, buna əməl etməyib. Kapler Moskvada yenidən Svetlana ilə görüşmək arzusunda olub. Bu arzu onun azadlığını növbəti dəfə 5 il müddətinə əlindən alıb. Bu dəfə isə onu 5 illik siyasi məhbuslar düşərgəsinə göndəriblər.//Musavat.com