BMT-dən Şimali Koreyaya çağırış
    • 13-06-2024, 09:00
    • 158

BMT-dən Şimali Koreyaya çağırış

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Şimali Koreyada insan haqlarının pozulması ilə bağlı sessiya keçirilib. Sessiyadan əvvəl Rusiya və Çin məsələnin BMT TŞ-də müzakirəyə ehtiyacı olmadığını və Şimali Koreyada “insan hüquqlarının pozulmasının” beynəlxalq təhlükəsizlik və sülhə təhlükə törətmədiyini iddia ediblər.

News24.az xəbər verir ki, iki ölkə BMT TŞ-nin Şimali Koreyada insan hüquqlarının pozulmasına deyil, bütün dünyada təcili münaqişələrdə "silahların susdurulmasına" diqqət yetirməli olduğunu bildirərək sessiyanın ləğvini istəyib.

Səsvermədən sonra 15 üzvdən ibarət BMT TŞ-nin 12 üzvünün sessiyanın keçirilməsini xahiş etməsi nəticəsində iclas keçirilib.

"Şimali KOREYA "U" DÖNÜŞÜ ETMƏLİDİR"

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk burada üzv ölkələri məlumatlandıraraq, Şimali Koreyada insan haqları pozuntularının regional qeyri-sabitliyə səbəb olduğunu bildirib. Bu məsələnin Koreya yarımadasındakı ümumi sülh və təhlükəsizlik vəziyyətindən ayrı həll edilə bilməyəcəyini bildirib.

Türk, "Bu gün Şimali Koreya dünya ilə əlaqəsi kəsilmiş bir ölkədir" dedi. O, gündəlik həyatın “boğucu mühitdə” çətinliklərlə dolu olduğuna diqqət çəkib.

Sərbəst hərəkətə qoyulan məhdudiyyətlərin artdığına diqqət çəkən Türk, insanların çox çətin vəziyyətdə olduqları halda ölkəni tərk edə bilməyəcəyini bildirib. Türk ifadə azadlığına təzyiqlərin gücləndiyini, sosial-iqtisadi həyat şəraitinin “dözülməz” həddə çatdığını qeyd edib.

Ölkə daxilində məcburi əməyin davam etdiyinə diqqət çəkən Türk, Şimali Koreya hökumətinin xaricə gedən işçiləri də nəzarətdə saxladığını bildirib.

Özbaşına həbs, işgəncə, pis rəftar və ədalətli mühakimə imkanlarının olmaması kimi mövzuların zülm üçün istifadə olunmağa davam etdiyini ifadə edən Türk, Şimali Koreya daxilində itkin düşənlərin mühüm problem olaraq qaldığını bildirib. Türk, təxminən 100 min adamın itkin düşdüyünü və vəziyyətləri ilə bağlı məlumat ala bilmədiklərini bildirib.

Sözügedən pozuntulara görə cəzanın prioritet olması lazım olduğunu qeyd edən Türk, "Şimali Koreyada təzyiq, qorxu, ağrı, aclıq və ümidsizlik həyəcan verici səviyyədədir. Buradan qurtuluş Şimali Koreyanın "U" dönüşü ilə başlayır" dedi.

Türk vurğulayıb ki, Şimali Koreya yenidən açılmalı, beynəlxalq ictimaiyyətlə əlaqə saxlamalı, insanlar arasında əlaqələrə icazə verməli, beynəlxalq əməkdaşlığı seçməli və öz xalqının “rifahına” diqqət yetirməlidir.

“DİKTATORLARIN DEYİL, ŞİMALİ KOREYA XALQININ YANINDA OLUN”

Şimali Koreyadan qaçan vətəndaş cəmiyyəti təmsilçisi Kim Gumhyok Çində universitetə oxumağa getdiyi zaman ölkəsindəki reallıqları gördüyünü ifadə edərək, “Bu gün narahatam, amma dostlarım üçün danışmaq məcburiyyətindəyəm" dedi.

Kim zəngin və imtiyazlı bir ailədən gəldiyi üçün Şimali Koreyada fərqli imkanlara malik olduğunu bildirib. Şimali Koreyadan ayrıldıqdan sonra ailəsinin Koreya xalqı üçün deyil, “diktatorlar” üçün çalışdığını anladığını izah edən Kim, təhlükəli olduğunu bildiyi halda Pekində qrup qurduğunu və işə başladığını bildirib.

Kim bildirib ki, onun qruplaşması 2011-ci ildə Şimali Koreya hakimiyyəti tərəfindən aşkarlanıb və həbs olunmamaq üçün Cənubi Koreyaya qaçıb.

"Qaçdım, xilas oldum və azadlığımı bərpa etdim. Bununla belə, azadlığımın qiyməti böyük oldu. Artıq 12 ildir ki, qaçıram və ailəmlə əlaqəm yoxdur". 

Kim beynəlxalq ictimaiyyəti “diktatorların deyil, Şimali Koreya xalqının” yanında olmağa çağırıb.

Kim ölkədə insan haqlarının pozulmasının nüvə silahı qədər əhəmiyyətli olduğuna diqqət çəkib və Şimali Koreya rəsmilərinin cəzalandırılması lazım olduğunu qeyd edib. Şimali Koreya lideri Kim Çen Ina səslənən Kim, "Ənənələrin buxovlarından qurtularaq fərqli seçim etməlisən. Hələ də gec deyil" deyib. 

Günel Məlikzadə