Məktəblərdə bəzi summativ qiymətləndirmələr ləğv edilə bilər - Nazirdən ANONS
    • 14-06-2024, 14:39
    • 126

Məktəblərdə bəzi summativ qiymətləndirmələr ləğv edilə bilər - Nazirdən ANONS

Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir.

"Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni "Təbiət" fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. "Həyat bilgisi" fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan dili" (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır", - nazir "report"a müsahibəsində bildirib.

Emin Əmrullayevin sözlərinə görə, tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin:

"Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir".