İdmançımız Avropa çempionu oldu
    • 20-06-2024, 18:53
    • 268

İdmançımız Avropa çempionu oldu

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha ikisi – Allahverdi Qaragözov və Aslan Əmiraslanov körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 89 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. 

Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.

Aslan Əmiraslanov isə böyük uğurla yadda qalıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalçısı olub.

O, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bütün rəqiblərini üstələyib.

Aslan toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.