Üçüncü Dünya müharibəsi riski artdı
    • 2-07-2024, 21:18
    • 222

Üçüncü Dünya müharibəsi riski artdı

Rusiya NATO-nun bir nömrəli hədəfi halına gəlib. İyulun 9-11-də baş tutacaq NATO-nun xarici işlər nazirləri səviyyəsi samitində Vladimir Putin və ölkəsi ilə bağlı ciddi qərarların veriləcəyi gözlənilir. Hətta ABŞ-ın Avropadakı hərbi bazaları və şəxsi heyəti gücləndirilmiş hazırlıq vəziyyətindədir.

ABŞ-ın Avropa Komandanlığı (EUCOM) daxilindəki hərbi qurğular “Çarli” mühafizə statusuna yüksəldilib ki, bu da bir növ hücum ehtimalı deməkdir.

NATO-Rusiya münasibətlərinin gərginləşməsi həm də Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi deməkdir. Ekspertlər deyir ki, Ankara bu gərginlikdən yayına bilməyəcək.

News24.az bildirir ki, Globalinfo.az – a danışan politoloq Əli Zülfüqarlı deyib ki, NATO elə Amerika Birləşmiş Ştatları deməkdir:

“Ukraynanı müharibəyə təhrik edən də məhz Birləşmiş Ştatlardır. Vaşinqton üçün Ukraynanın dövlətçiliyi, ərazi bütövlüyü maraqlı deyil və əhəmiyyət kəsb etmir. Ona görə də Rusiyanın zəiflədilməsi üçün Ukrayna alət olaraq istifadə edilir.

Birləşmiş Ştatlar çalışır ki, müharibənin gedişini nəzarətdə saxlasın, Rusiya Qərbin köməkliyi ilə Ukrayna tərəfindən ciddi təhdidlərlə üzləşməsin. Bunun da sadə səbəbi var. Çünki Qərb Rusiyanın nüvə təhdidindən ehtiyat edir və yaxşı bilir ki, əgər Rusiya Ukrayna savaşında uduzacağı mərhələyə çatarsa, dövlətçiliyi sual altına düşərsə, o zaman nüvə silahına əl atacaq. Bu isə Rusiyanın özü daxil olmaqla, Birləşmiş Ştatlar, Avropa İttifaqı və ümumiyyətlə dünya üçün fəlakət deməkdir.

Amerika bunu hesablayaraq addım atır və Ukrayna savaşında Ukraynaya yalnız təslim olamamaq üçün yardım edir. Məqsəd özünü nüvə təhlükəsindən sığortalamaqla Ukrayna torpaqlarının və insanlarının hesabına Rusiyanı tədricən zəiflətmək, daha çox rus əsgərinin öldürülməsi və müharibənin yaratdığı iqtisadi çətinliklər hesabına daxildə etiraz dalğasını alovlandırmaq, yekunda hakimiyyət dəyişikliyini həyata keçirərək marionet hökumət formalaşdırmaqdır. Rusiya daxilində terror aktları da xalq arasında təşviş yaratmaq və hökumətə etimadın sarsılmasına hesbalanıb”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, bütün bunlar onu deməyə əsas verir ki, Birləşmiş Ştatların ssenarisi ilə hərəkət edən NATO-nun bu tipli toplantılarından Rusiyaya qarşı indikindən daha artıq ciddi nəticə gözləmək mümkün deyil:

“Çünki xüsusilə Ukrayna savaşında Qərb öz maksimumunu müəyyən edib və baş verən proseslər də hər şeyi ortaya qoyur. Zelenskinin bu yaxınlarda Rusiya ilə sülhə və Ukrayna xalqının məhv edilmə təhlükəsinə eyham vurması da məhz lazımi səviyyədə yardım etmədiyi üçün Qərbə edilən etirazdır.

NATO-da Türkiyə daxil olmaqla müxtəlif ölkələr Birləşmiş Ştatların ssenarisinin qurbanına çevrilmək istəmir, savaşın dayandırılmasına çalışır. Məsələn, Türkiyə ilə yanaşı Macarıstan açıq şəkildə Rusiyaya qarşı kəskin mövqe tutulmasına qarşı çıxış edir. Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya yardımla bağlı dəfələrlə veto hüququndan istifadə etməklə prosesi ləngidib.

Ümumiyyətlə NATO-da Rusiyaya və Çinə qarşı münasibətləri öz istədikləri həddə qədər kəskinləşdirməyə çalışan ölkələr ABŞ, Fransa və Böyük Britaniyadır. Digər NATO üzvü ölkələr buna qarşı olsalar da səslərini çıxarmırlar. Türkiyə və Macarıstan isə açıq şəkildə etiraz edir. Ehtimal ediləsi sıfırın altında olan NATO-Rusiya, yaxud NATO-Çin müharibəsi baş verərsə, burada türk əsgərinin yer alacağını düşünmürəm. Bu, NATO-nun özü üçün problem yarada bilər”.

Ə.Zülfüqarlı deyib ki, NATO-nun doktrinasına görə, Rusiya Türkiyəyə, Rusiyanın hərbi doktrinasına görə də Türkiyə Rusiyaya düşmən ölkə sayılır:

“Amma real vəziyyət nədən ibarətdir? Türkiyə Rusiya ilə tərəfdaş ölkədir. Ümumiyyətlə, Türkiyə artıq regional gücdür və qlobal gücə çevrilmə istiqamətində kifayət qədər irəliləyiş əldə edib. Xüsusilə hərbi sənayesi Türkiyəni çox güclü və söz sahib ölkəyə çevirib.

Türkiyə bu gün əvvəlki dönəmlərdən fərqli olaraq yalnız öz maraqları çərçivəsində çıxış edir və Vaşinqtonun təzyiqlərinə boyun əymir. Rusiyaya yanaşmada da bu belədir. Ümumiyyətlə Qərb tərəfindən Rusiyaya və Çinə qarşı hərbi müstəvidə daha ciddi addımların atılacağını düşünmürəm, çünki bu, NATO-nun özü üçün mənfi nəticələr doğura bilər”.