Keçmiş kəşfiyyatçı yeni baş nazir oldu
    • 2-07-2024, 22:15
    • 287

Keçmiş kəşfiyyatçı yeni baş nazir oldu

Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Dik Şof çərşənbə axşamı, iyulun 2-də ölkənin yeni Baş naziri kimi and içib.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, 67 yaşlı Baş nazir ölkə tarixində “ən sərt” miqrasiya siyasətini həyata keçirməyi vəd edən sağçı koalisiyanın Nazirlər Kabinetinə rəhbərlik edib.

Dik Şof bu postda Niderland hökumətinə 14 il rəhbərlik etdikdən sonra NATO-nun növbəti Baş katibi vəzifəsini yerinə yetirən Mark Rutteni əvəz edib.

Baş nazir dəyişikliyi ifrat sağçı lider Qeert Vildersin ötən ilin noyabrında keçirilən seçkilərdə qələbəsindən sonra yeddi aydan çox davam edən danışıqlardan sonra baş verib. Vilders Baş nazir vəzifəsindən imtina etməli olub, çünki hökumətdəki tərəfdaşları onun islamofob və avroskeptik bəyanatlarını ölkəyə rəhbərlik etmək üçün həddindən artıq ifrat hesab edirdilər.

Koalisiyanın tərəfdaşları – Vildersin Azadlıq Partiyası, Fermerlər Partiyası, liberal-mühafizəkar Azadlıq və Demokratiya Xalq partiyaları və Yeni Sosial Müqavilə Partiyası keçmiş kəşfiyyat rəhbəri Şofla bağlı kompromisə getməyə razılaşıblar.

Nəşrlər qeyd edir ki, Dik Şof koalisiyanın tarixdə ən güclü sığınacaq siyasəti və ən əhatəli antimiqrasiya paketi ilə bağlı planlarını həyata keçirəcəyinə söz verib. O, həmçinin bütün Niderland vətəndaşlarının Baş naziri olmaq istədiyini və Vildersin öz siyasi kursuna təsir göstərməsinə imkan verməyəcəyini bildirib.

Vildersin ifrat sağçı partiyasının yeni hökumətdə ticarət və miqrasiya da daxil olmaqla 15 nazir postundan beşinə sahib olduğu bildirilir.