Hicablı fransız idmançıya
    • Bu gün, 12:31
    • 70

Hicablı fransız idmançıya "PAPAQLI İCAZƏ"

Paris 2024 Olimpiadasında 400 metr məsafəyə bayraq yarışında Fransanı təmsil edən Silla, həftəsonu sosial media hesabında yazdığı paylaşımda "Öz ölkənizdə keçirilən Olimpiada üçün seçilirsiniz, ancaq hicablı olduğunuz üçün açılış mərasimində iştirak edə bilmirsiniz", -  yazaraq ona icazə verilmədiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri və digər olimpiya idmançıları Fransanı tənqid ediblər.

Fransanın idman naziri Amélie Oudéa-Castéra dünən verdiyi açıqlamada, "Vətəndaşlarımız dünyəvilik prinsiplərinə əməl etməyimizi gözləyirlər, lakin eyni zamanda hər kəsi yaxşı hiss etdirəcək həllər üçün yaradıcı olmalıyıq", - deyə qeyd edib.

Bundan sonra Fransa Olimpiya Komitəsi Sillanın açılış mərasimində xüsusi hazırlanmış papaqla iştirak etməyə razılıq verdiyini açıqlayıb.

Bildirilib ki, papaq Fransa olimpiya yığmasının geyimləri ilə ahəngdar şəkildə hazırlanacaq.

Silla sosial media hesabında "Olimpiya oyunlarının açılış mərasimində iştirak edə bilməyim üçün nəhayət razılığa gəldik", -  sözlərini paylaşıb.

Qeyd edək ki, 26 yaşlı fransalı qaçışçı son illər bir çox yarışlara hicablı qatılıb.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin hicab və ya dini geyimi qadağan edən qaydası yoxdur. Olimpiada zamanı Fransada yarışacaq əcnəbi vətəndaşlar üçün qanuni məhdudiyyət yoxdur.

Fransanın idman qurumları isə bundan əvvəl də müxtəlif idman növlərində ölkəsini təmsil edən qadın idmançılara hicab taxmağı qadağan edib.

Məryəm İlhamqızı