ABŞ-də avtonom təhlükəsizlik robotları İŞƏ BAŞLADI
    • 26-08-2024, 18:43
    • 198

ABŞ-də avtonom təhlükəsizlik robotları İŞƏ BAŞLADI

ABŞ-nin Atlanta Polis İdarəsi son 7 ayda şəhərin Old Fourth Ward rayonunda 34 ağır cinayətin törədildiyini açıqlayıb.

News24.az xəbər verir ki, cinayət nisbətlərinin artması ilə əlaqədar olaraq Knightscope şirkətinin istehsal etdiyi müşahidə robotu rayonun küçələrində patrul xidmətinə başlayıb. 

Bu robot ictimai yerlərdə qeyri-adi vəziyyətləri aşkar edir və bu barədə səlahiyyətli orqanlara məlumat verir.

Polisin yükünü yüngülləşdirməsi gözlənilən robot insan müdaxiləsinə ehtiyac olmadan öz vəzifələrini yerinə yetirə bilib.

Təhlükəsizlik məqsədilə robotlardan istifadənin ABŞ-də geniş vüsət aldığı bir vaxtda Atlantanın bu addımı gizlilik müzakirələrinə səbəb olub.

Robotlar nömrənin tanınması, ani əlaqə və fövqəladə halların aşkarlanması kimi imkanlara malik olsalar da, vətəndaşlar bu cihazların məxfiliyi poza biləcəyindən narahatdırlar. Yerli insanlar təhlükəsizlik tədbirlərini dəstəkləsələr də, şəxsi həyatın toxunulmazlığının qorunmalı olduğunu vurğulayıblar.

Knightscope rəsmiləri isə robotlarının yalnız ictimai məlumatları topladığını və məxfiliyi pozmadığını iddia ediblər. Şirkətin vitse-prezidenti Steysi Stivens izah edib ki, robotların milli cinayət məlumat bazalarına çıxışı yoxdur və sifətin tanınması proqram təminatı daxil deyil. Bununla belə, üz tanıma qabiliyyətinə malik yeni modelin istehsal mərhələsində olduğu bildirilib.

Məryəm İlhamqızı