Həkimlər icbari tibbi sığortanın tətbiqini niyə istəmir? - ARAŞDIRMA
    • 12-10-2019, 12:13
    • 1 573

Həkimlər icbari tibbi sığortanın tətbiqini niyə istəmir? - ARAŞDIRMA

Yanvar ayının 1-dən Azərbaycanın bütün bölgələrində icbari tibbi sığortanın tətbiqinə başlanacaq. 

Artıq 2016-cı ildən pilot layihə kimi icbari tibbi sığorta Mingəçevir şəhəri və Yevlax rayonunda tətbiq edilib. Bununla belə sözügedən  rayonlarda bəzi narazılıqların olduğu da deyilir.

Sakinlərin News24.az-a bildirdiyinə görə, icbari tibbi sığorta tətbiq edilən bəzi tibb müəssisələrində həkimlər öz işlərinə biganə yanaşırlar. Yevlax sakini Almaz Məmmədova (ad şərtidir) deyir ki, bir neçə dəfə həkimlərin laqeyd davranışının şahidi olub: “Mən tibb bacısı işləyirdim, həkimlərin əksəriyyəti günortayadək işini “yola verir”, xəstələrə diqqətli, həssas yanaşmırlar. Günortadan sonra isə ödənişli tibb mərkəzlərində işləyirlər. Həkimlər xəstələrdən pul ala bilmədiklərinə görə, icbari tibbi sığortanın tətbiqindən narazıdırlar”.

Qeyd edək ki, icbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

 “Hippokrat andına, ya da abstrakt şeylərə əsaslanıb həkimə təzyiq edilsə... “ 

Həkim-ekspert Adil Qeybulla icbari tibbi sığorta ilə bağlı ilk vaxtlar müəyyən problemlərin olmasını normal hesab edir: “Ola bilər ki, bır sıra məsələlər həllini tapmasın, çətinliklər olsun. Əsas məsələ maliyyələşmə prosesinin düzgün qurulmasındadır. Məsələn, ayrılan vəsait təbii ki, çox azdır. Amma bütün bu vəsaitin şəffaf xərclənməsi, ictimai nəzarətin olması son dərəcə mühümdür. Mənimsəmələr, əyriliklər olmamalıdır, cəlb olunan tibb işçiləri də işin keyfiyyətinə maraqlı olmalıdırlar.  İndi elə dövrdür ki, əgər həkim sosial sığorta ilə sosial statusunu saxlaya bilsə, nəyə görə burdan başqa yerə qaçsın ki?! Amma icbari tibbi sığorta hansısa hippokrat andına, ya da abstrakt mücərrəd şeylərə əsaslanıb həkimə təzyiq eləsə, bu nəticəsiz qalacaq”.

“Kimin nə qədər pasiyenti olacaqsa, daha çox maaş alacaq”

Həkim-ekspert hesab edir ki, icbari tibbi sığortada ilk növbədə fiksə olunmuş əmək haqqı  tətbiq edilməlidir: “Çünki fiksə olunmuş maaş olmasa, mənimsəmələr üçün mühit yaranacaq. Fiksə olunmuş maaş o deməkdir ki, hər şey şəffaf, konkret olur, buna uyğun olaraq da, nəzarət gerçəkləşir. Deyirlər ki, kim nə qədər xəstəyə baxsa, o qədər çox maaş alacaq. Demək ki, qəbul şöbəsində yenə bir qrup həkimə daha çox pasient yönləndiriləcək, bir qrup həkim isə kənarda qalacaq. Bu, neqativliyə yol açır. Belə məlumatı yayan adamların əvvəlcədən öz məqsədləri var. Biz nəyə görə dünyanın getdiyi, sığortanın artıq sübut olunmuş, təsdiq olunmuş metodlarını kənara qoyub, özümüzdən “Amerika” kəşf etməliyik... Sadəcə olaraq, sığortaya məsul olan şəxslərin açıqlamalarından görünür ki, bunlar o niyyətdə deyillər. Elə anlaşılır ki, fiksə olunmuş maaşı yox, pasiyentin çoxluğuna görə müəyyən olunan əmək haqqınıı alacaq. Bu, tam yanlış prinsipdir. Heç bir yerdə sığorta ilə bağlı belə bir prinsip yoxdur. Ona görə də, biz ilk növbədə Türkiyə təcrübəsindən yararlanmalıyıq. Türkiyə zamanında bu yolla gedib, 2000-ci ilə qədər təxirəsalınmaz əməliyyatlar, yardım, doğuş dövlətin nəzarətində idi, yəni dövlət maliyyələşdirirdi, qalan xidmətlər isə vətəndaşla dövlət arasında bölünürdü. Amma hazırda dövlət bunu tamamilə maliyyələşdirir. Biz də iki etapda edə bilərik, şəffaf, düzgün bir sistem olsun, vətəndaş bundan fayda görsün”.

“Həkimlər öyrəniblər ki, özəl klinikalarda qara mühasibatlıqla ikiqat əməkhaqqı alsınlar” 

İcbari tibbi sığortanın tətbiq edildiyi rayonlarda bir neçə dəfə layihə həyata keçirən Bakı Dövlət Universitetinin professoru, Sosial Hüquqların Araşdırması İctimai Birliyinin sədri Mais Əliyevin sözlərinə görə, bu sahədə bir sıra neqativ hallar aradan qaldırılıb: “Elə bir layihə yoxdur ki, onu tətbiq etməyə başlayanda problem olmasın. Bir çox neqativ faktorlar aradan qaldırıldı. İnsanlar maliyyə sıxıntısı olmadan tibbi yardım almağa gəlirlər. İlk dövrlər həkimlərə yüksək məbləğdə maaş tətbiq edildi. Ona görə də, həkimlər çox maraqlı olmadılar. Düşündülər ki, 3 ya 10 xəstəyə baxsa, eyni maaş olacaq. Yeni sistemdə artıq bu kimi  halları aradan qaldılmaqdan ötrü bonus sistemi tətbiq olunacaq. Həkim həm maaş, həm də qəbul etdiyi xəstəyə və müalicəyə əsasən bonuslar alacaq. Bizim həkimlər öyrəniblər ki, özəl klinikalarda vergidən gizlənə-gizlənə, xəlvəti mühasibatlıq yolu ilə ikiqat əməkhaqqı alsınlar. Özəl müəssisələrdə əmək müqaviləsinə görə, maaş 250 manat yazılır. Amma faktiki maaş yüksək olur. Yəni qara mühasibatlıqla maaş az göstərilir. Burda isə mühasibatlıq aşkar, şəffafdır, ona görə də həkimlərin narazılıq etməyə haqqı yoxdur. Özəl tibb müəssisələri də icbari tibb sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayacaqlar. Həkimlərin maraqlı olmaması məsələsi də, bundan sonra aradan qalxacaq”.

“Rayonlarda həkim ştatları boşdur”

Mais Əliyevin sözlərinə görə, əsas problemli məsələ həkimlərin rayonlara getməsində maraqlı olmamalarıdır: “ Əksər rayonlarda həkim ştatları demək olar ki, boşdur. Rayonlarda ixtisaslı kadrlar olsun, müasir avadanlıqlarla təmin olunsun. Biz axırıncı dəfə Şirvanda olanda xəstəxanada “rentgen” aparatı yox idi. Son 15 ildə demək olar ki, regionlara Tibb Universitetini bitirmiş heç bir mütəxəssis getmir.
Bu, çox ciddi problemdir. Hesab edirəm ki, icbari tibbi sığorta bu problemləri də aradan qaldıracaq. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində maarifləndirmə işləri apardıq. QHT-ləri, bu sahə ilə məşğul olan insanları topladıq. Onların icbari tibbi sığorta ilə bağlı fikirlərini öyrəndik. Fərdi sahibkarlarla təbliğat apardıq, çünki fərdi sahibkarlar və mülkü müqavilə əsasında işləyənlər ildə 120 manat ödəməklə icbari tibbi sığorta almalıdır. Əsasən sahibkarlara izah olunmalıdır ki, müasir standartlardan və keyfiyyətli tibbi yardımdan yararlanmaq şansları var. Amma bundan ötrü ildə bu məbləği ödəmək lazımdır. Bütün bunları həmin ərazilərdə maariflənmə işləri çərçivəsində çatdırdıq”.

“Talassemiyalı, şəkərli diabed, xərçəng xəstələrini dövlət öhdəliyə götürməlidir”

 Mais Əliyevin firkincə, bir sıra xəstəliklər var ki, bunlar birbaşa dövlətin təminatında olmalıdır: “Talassemiyalı, hemofiliyalı xəstələr, şəkərli diabet, xərçəng xəstələrin icbari tibbi sığortasını dövlət öz üzərinə götürməlidir. Bu, çox vacib amildir. Fikrimcə,  bunlar tətbiq edildikdən sonra çatışmazlıqlar aradan qalxacaq”.  

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Agentliyə suallarımızı ünvanladıq.

Agentlik News24.az-ın bu mövzu ilə bağlı suallarını belə cavablayıb: “İcbari Tibbi Sığorta (İTS) pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda artıq üçüncü, Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir: “Pilot layihənin həyata keçirilməsində məqsəd ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılmasına nail olmaq idi. Buna əsasən pilot ərazilərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrində bir sıra tədbirlər görülüb. Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq üçün mərkəzi xəstəxanalarda TTTY şöbələri qurulub. Qabaqcıl ölkələrdə TTTY-nin təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb. Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (ilkin səhiyyə xidməti, ambulator və ya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. “Triaj” sistemi isə xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır. Həmçinin, tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizatı yaxşılaşdırılıb və diaqnostik laboratoriyalarının işi təkmilləşdirilib. Mərkəzi Xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi analizini, hətta qanda hormonların müayinəsini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda, pilot ərazilərdəki tibb müəssisələrindən xəstəxanadaxili bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və həyata keçirilən bütün manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə həyata keçirilib. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilib.

Afaq Mirayiq