“Oyan Nərmin, sənə tort bişirmişik, dur, gəl yanımıza... “- YAŞASAYDI, 11 YAŞI OLACAQDI - FOTOLAR - VİDEO
    • 3-02-2020, 14:07
    • 7 398

“Oyan Nərmin, sənə tort bişirmişik, dur, gəl yanımıza... “- YAŞASAYDI, 11 YAŞI OLACAQDI - FOTOLAR - VİDEO

Tovuz rayonunun Dondar Quşçu kəndində amansızcasına öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlindən düz iyirmi doqquz gün keçir. Bu gün isə fevralın 3-ü Nərminin dünyaya göz açdığı gündür. Yaşasaydı, balaca mələyin 11 yaşı tamam olacaqdı... 
Nərmini sevən hər kəs - əmi, dayı, xala, bibi, nənələr, babalar, sinif yoldaşları, dostları yığışıb ad gününə gələcək, hədiyyələr gətirəcəkdilər. “Ad günün mübarək”, “çox yaşa-yüz yaşa” deyib onu bağrına basacaqdılar. Nərmin isə ürəyində arzu tutub şam üfürəcəkdi.  Kim bilir ürəyindən hansı arzular, hansı diləklər keçəcəkdi... 



Əfsus ki, o arzuların hamısı ürəyində qaldı.  Onu sevənlərsə Nərmini bumbuz məzar daşını öpüb təbrik edəcəklər.  Acı göz yaşları axıdacaqlar...  
“Bu gün yuxudan oyananda bir anlıq elə bildim heç nə olmayıb, hər şey əvvəlki kimidir. Nərminin ilk dəfə ayaq açıb gəzdiyi gün gözümün qabağına gəldi”. 


Nərminin atası Şərif Quliyev ürəkparçalayan xatirələrini məhz News24.az-la bölüşdü: “Mələk balam ilk dəfə bir yaşında gəzib. Baxmayaraq ki, Şəbnəm Nərmindən 1 yaş böyük idi,  Nərmin ondan tez yeriyib. Qıvraq uşaq idi. Yaşasaydı, balamın bu gün 11 yaşı olacaqdı. İnsafsızlar qoymadılar, yaşatmadılar Nərminimi...”

Şərif dayı deyir ki, bu gün hər kəs Nərminin ad gününə toplaşıb: “Bacılarım, qardaşlarım bütün qonum-qonşu yığışmışıq. Hər il sevinə-sevinə, dua edə-edə hazırlanan tort, bu il göz yaşı ilə yoğruldu. Balamı görməyə gedirik, qəbir üstünə qoyacağıq, balamın ruhu duysun, bilsin ki, biz gəlmişik, onunlayıq”.   
 
“Ata, məni də özünlə apar...” 

Atası deyir ki, Nərmin evdə ən çox ona bağlı idi: “Hamını çox istəyirdi. Amma ən çox mənə düşkün idi. Həyətdə bir iş görərdim, mənə kömək eləyərdi, yanımdan çəkilməzdi. Çölə çıxanda hara gedirdimsə, “ata məni də özünlə apar” deyərdi. Kaş ki, həmin gün də onu yanımdan ayırmazdım...


“Onların belə ayrılacağını ağlıma gətirməzdim...”

Deyirdi: -“Ata məni idmana qoy, qalib olub, bir tərəfdə Azərbaycan bayrağını qaldırtdıracam, bir tərəfdə də Nərmin Şərif qızı sözünü dedirdəcəm. Mən həmişə deyərdim oxu, ya müəllimə ol, ya da tibb bacısı. Deyirdi yaxşı, amma əvvəlcə  idmana gedim. 
Üç bacı məktəbə gedəndə yolda bütün küçə onlara mətəl qalırdı. Bir-birinə o qədər bağlı idilər ki, heç vaxt onların belə ayrılacağını ağılıma gətirməzdim. Şəbnəmlə üzdən çox oxşayırdılar. Balaca qızım ərköyün idi”. 
Müəllimlərin hər zaman Nərmindən razı qaldığını deyən atanın sözlərinə görə,  qızı dərslərini yaxşı oxuyurdu: “Müəllimlər nə vaxt yolda görürdülər, həm tərbiyəsindən, həm də oxumağından razılıq edirdilər.  Deyirdilər ki, sağ ol ki, belə uşaq tərbiyə eləmisən. Bir dəfə də olsa onlardan şikayət eşitməmişəm. Böyük qızım Şəbnəmsə əlaçıdı”. 
 

“Nərmin həmişə qol güləşində qalib gəlirdi...”
 
Nərminin bacısı Şəbnəm də bizimlə söhbətə qoşulur: “Ən çox bir yerdə dərs oxumağımıza darıxıram. Məktəbdə müəllimlər dərs verirdi, evdə mən onun ev tapşırıqlarını eləməyə kömək edirdim. Atam məni öyrədirdi, mən də Nərmini...  Bacımla dost idik, məktəbə bir yerdə gedərdik, qonşumuz Səma da Nərminin ən yaxın rəfiqəsi idi.  Biz üçümüz dostluq edirdik. Səma ilə bir sinifdə oxuyurdular, hər sözlərini bir-birlərinə deyirdilər, bacı kimi. Anam işdə olurdu deyə Nərmin atamla çox vaxt  keçirirdi. Atamla nəfəs alırdı, onunla yatırdı. Atam həm dərslərini oxumağı öyrədirdi, həm də bir yerdə idman edirdilər. Bu yay onu idmana qoyacaqdı...” 

Şəbnəm deyir ki, bacısı boksçu olmaq istəyirdi: “Nərmin güclü idi. Əmimoğlu ilə yarışırdılar, qol güləşinə çıxırdılar, Nərmin həmişə qalib gəlirdi. Dərslərini də yaxşı oxuyurdu. Ən çox “ Bədən tərbiyəsi”ni bir də  “Azərbaycan tarixi”i sevirdi. Bütün müəllimlərini çox istəyirdi, amma öz sinif rəhbəri Rəna və Yeganə  müəlliməni daha çox istəyirdi. Evdə tez-tez onlar haqqında danışırdı”.
 
 

 
“Yandığı yerə hər gün gedirik, dözmək olmur...”
 
Heç gözümün qabağından getmir ki...  Nərmindən sonra evə isnişə bilmirik. Hələ də atam evindəyik. Yolun qırağı Nərminin yandığı yerdi.  Anası heç dözə bilmir. Hər gün gedir, Nərmin yanan yerə baxır, yanıb tökülür. Yanan yerin o biri tərəfi də düşmən qapısı. Dözüləcək dərd deyil.  Hamı bizi qınayır ki, biz Bakıdan ev istəyirik. Allah bu bəlanı heç kimə göstərməsin. Heç kim bizim nə çəkdiyimizi bilmir. Aynur deyir, “həyəcandan nə dediyimi bilmədim, pis adamlar da ağızlarına gələni deyirlər. Balam yaşayan evi qoyub hara gedəcəm, siz özünüz deyin. Balamın ruhu o evdədi. Mən o evi hara, kimə verərəm? Oranı qoyub hara gedə bilərəm? Bir dəqiqə, bir saniyə belə ağlımızdan çıxmır. Nəinki biz, sinif yoldaşları da Nərmin sinifdə yoxdur deyə, dərsdə otura bilmirik deyirlər. 
 
“Nərmini görür orda, dərsə gedə bilmir...”
 
Qardaşımın oğlu Ayxan Nərminlə bir partada otururdu. Nərminin oturduğu partaya şəklini, gül qoyublar, şeir yazıblar.  Ayxan necə gün dərsə gedə bilmədi, dedi, “Elə bilirəm sinifdə Nərmini görürəm, məktəbə getmək istəmirəm”. Biz də evdə qala bilmirik. Amma hər gün gedib evə dəyirik, ruhu inciyər axı... O evi qoyub getmək də mənim ürəyimdə dağ olar”.

“İstədiyim odur ki, əsl qatilin kim olduğu bilinsin...”

Şərif dayı bildirir ki, fevralın 16-da Nərminin 40 mərasimi olacaq: “Baş daşı artıq hazırdı, fevralın 6-ı məzar daşını qoyacağıq. Nərminin qəbrini ziyarətə hər yerdən, qonşu kəndlərdən, Bakıdan, Şamaxıdan, Gədəbəydən, Goranboydan gəlirlər. İnsanların təsəllisini, sevgisini görürük. Bu bizə bəs edir. Amma istədiyim odur ki, əsl qatilin kim olduğu bilinsin. Kənardan min dənə söz deyirlər. Deyirlər, qatil bu deyil, odur. Bu qədər ekspertiza yalan danışır yəni? Mən bu işi araşdıranlara, mütəxəssislərə güvənirəm”.  
    
Afaq Mirayiq