"Ucuz sözlərlə klassik musiqi ənənələrimizi məhv edirik..."-  Elza Manafa QƏZƏBLƏNDİ
    • 19-02-2020, 13:00
    • 997

"Ucuz sözlərlə klassik musiqi ənənələrimizi məhv edirik..."- Elza Manafa QƏZƏBLƏNDİ

Əməkdar artist Elza Seyidcahan müğənni Manaf Ağayevin ARB TV-nin "Səhər-səhər" verilişində səsləndirdiyi "Bizə əsər yox, çörək lazımdır" ifadəsinə etiraz edib.
 
News24.az xəbər verir ki, sənətçi bu barədə "İnstagram" hesabında yazıb: "Biri var bir qarınlıq çörək, bir də var ki, ümumbəşəri çörək. "Bizə çörək lazımdır, əsər yox". Vay-vay-vay... Çox ağladım. Çünki belə ucuz sözlərlə klassik milli musiqi ənənələrimizi məhv etmirikmi? Efir əlimizdədir deyə, çıxışlarımızda çox ehtiyatlı davranmalı deyilikmi? Axı, gələcəyimiz, gənclərimiz, balalarımız üçün efir əsas nümunədir. Ulularımız, dahilərimizin əzab-əziyyətlə, bir qarınları tox, bir qarınları ac ola-ola xalqımız üçün yaratdıqları gözəl sənət məbədlərini uçuruma yuvarlayıb bədxahlara satmırsınızmı? Yediyimiz bir qarın çörəyi qarnımızda saxlaya bilmiriksə, aldığımız bu villaları, bahalı maşınları, zinət əşyalarını özümüzlə qəbirə apara bilmiriksə, o zaman qarnımız üçün yox, ululardan bizə qalan qiymətli mirası bir qarın çörəyə satmağa dəyərmi?! Bizə bir qarın çörək lazımdır, yoxsa əsər? Ac qarnıma o qədər gözəl əsərlər bəstələmişəm ki, hələ də, o əsərlərim nəsilimin, gələcəyimin qarnını doydurur, doyduracaq da. Fikrət Əmirovun, Arif Məlikovun, Vasif Adıgözəlovun, Tofiq Quliyevin Tahir Əkbərin, Faiq Nağıyevin, Firəngiz Əlizadənin, Xəyyam Mirzəzadənin, Aqşin Əlizadənin simfonik əsərləri, Nadir Əzimovun vağzalı balladası hələ çox gəlinləri, anaları, musiqiciləri duyğulandırıb, kövrəldib, xoşbəxt edib qidalandıracaq. Bax, əsl çörək budur! Əsərimiz varsa, ümumbəşəri çörəyimiz də var! Mən bir Azərbaycan Bəstəkarlar ittifaqının üzvü, bir Əməkdar artist, Azərbaycan Dövlət Televiziyasının solisti kimi bu videoya biqanə qala bilməzdim".

Sevda Bayramova