Toysuz qalan SƏNƏT ƏHLİ:
    • 16-06-2020, 14:21
    • 946

Toysuz qalan SƏNƏT ƏHLİ: "Toya gələnlər dezinfeksiya olunsun"- MÖVZU

Koronavirus pandemiyası ilə əlaqədar bir çox qurumlar, biznes sahələri çətin günlər yaşayır. Xüsusilə də bu qadağalar toy biznesinə təsir edib. Toylardan, el şənliklərindən, məclis və tədbirlərdən gəlir əldə edə bilməyən müğənnilər çətin vəziyyətlə üz-üzə qalıblar.

News24.az məsələylə bağlı bir sıra tanınmışlar arasında sorğu keçirib.

Əməkdar artist Yusif Mustafayev "Ehtiyat igidin yaraşığıdır" deyərək öz fikirlərini dilə gətirib: "Bu vəziyyət mənə çox pis təsir etməyib. Qanun hər kəs üçün eynidir. Biz də qoyulan qaydalara əməl edib onları yerinə yetirməliyik. Bilirsiniz ki, bir atalar sözü var: "Ağıllı insanlar çətinlikdən çıxarlar, müdrik insanlar isə o çətinliyə düşməzlər". Çox şükür ki, mənim elə bir problemim yoxdur, çünki ehtiyatlı adamam. Toyların olmamasına görə də şikayət edə bilmərəm. Bəyəm xoruz yox idi səhər açılmırdı? Özüm iqtisasçıyam. Lazım olsa gedib o sahə üzrə işləyə bilərəm. Əlavə gəlir yerim yoxdur, amma övladlarım dövlət qulluğunda çalışırlar. Onlarda öz köməkliklərini mənə edirlər. İnsan gərək naşükür olmasın".

Əməkdar artist Baloğlan Əşrəfov məsələylə bağlı
News24.az-a məsələnin çox ciddi olduğunu deyib: "Bu məsələ zarafat deyil. İnsanlar qolların sallaya-sallaya, maskasız gəzirlər. Belə şey olar?! Toy etmək istəyənlərin özü də maskasız gəzir. Ümumiyyətlə, toy biznesi məhv olur. Bu biznesə təkcə oxuyanı aid etmək düzgün deyil. Yəni el məclisi təkçə mikrafon götürüb oxumaqla bitmir. Burda bir neçə texniki işci, ansambl, kirayə maşın şirkətləri, qızıl dükanları və sairə. Hər kəs çörək pulunu burdan qazanır. Çox şükür bizim evə pul gəlir, amma inanın elə musiqiçilər tanıyram ki, onlar günlərinə 15, 20 manat qazanır. Bəs, onlar necə dolansınlar?! Musiqiçiləri toysuz təsəvvür etmək mümkün deyil. Məsələn, metro açılıb düzdürmü? Kimdir orada məsafə saxlayan? Şadlıq evlərinə gələnlər bəyəm bir-birinin üzünə tüpürür? Lazım olsa toyları da ara məsafəsi ilə təşkil edərik. Gələnlər dezinfeksiya olunar".

Müğənni Nadir Qafarzadə suala cavab olaraq artıq altı aydır toya getmədiyini açıqlayıb: "Koronavirus bəlası Azərbaycana çox böyük zərbə vurdu. Mən altı aydır pul qazanmıram, amma yenə də çox şükür ki, acından ölmürük. Düzdür, mənim də çətinliklərim var. Əvvəl, beş manatlıq yeyirdimsə, indi üç manatlıq yeyirəm. Mən bölüşməyi sevən insanam. Elə indi də bir tikə çörəyimi bölüşürəm. Bundan da acınacaqlı günlər yaşamışam. Yoxsulluq, aclıq nədir çox gözəl bilirəm. Toylar olmayacaq, uzaqbaşı gedib fəhləlik edəcəyəm".

Müğənni Manaf Ağayev hazırda yığdığı tədarükündən istifadə etdiyini söyləyib:
"Dövlətimiz nə desə, onu da edirik. Deyirlər, otur evdə, biz də otururuq. Nə yalan deyim, əlavə gəlir yerim yoxdur, amma bu o demək deyil ki, bir ay toy oxumasaq, acından öləcəyik. İndi yığdığımızı az-az xərcləyirik". 

Sona Əsgərova