Aztv-nin koronavirusdan ölən əməkdaşının SƏS YAZISI İLƏ BAĞLI BAŞ HƏKİMDƏN AÇIQLAMA:
    • 2-07-2020, 12:46
    • 1 091

Aztv-nin koronavirusdan ölən əməkdaşının SƏS YAZISI İLƏ BAĞLI BAŞ HƏKİMDƏN AÇIQLAMA: "Problem hər yerdə var..." - VİDEO

“Samir Nemətzadənin səs yazısı mənə qəribə gəldi. O bizim xəstəxanaya olduqca ağır vəziyyətdə daxil olmuşdu”. 

Bunu News24.az-a açıqlamasında Azərbaycan Dövlət Televiziyasının (AzTV) koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin müalicə olunduğu 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi Ədalət Dadaşov yayılan səs yazısı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

“Onun tualetə girməyə, görməyə halımı vardı. Vəziyyəti çox ağır idi” - deyən baş həkim onu da əlavə edib ki, Samirin həm də anemiyası və hemotoloji xəstəliyi olub. 

Ə.Dadaşov 1 saylı şəhər kliniki xəstəxanasının şəraitsiz vəziyyətdə olması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Problem hər yerdə var. Əsas bir məqamı nəzərinizə çatdırım ki, COVİD 19 olan xəstələrdə qorxu hissi var. Ona görə də bunlar güclü diqqət tələb edirlər. Çünki onların çevrəsində artıq ağır xəstələnənlər, ölənlər var. Biz də çalışırıq, əlimizdən gələni edək. Çatışan-çatışmayan cəhətləri var. Hazırda Operativ Qərargahın İşçi Qrupunun iclası gedir. Bu problemlərin həlli istiqamətində işlər aparılır”. 

Baş həkim aparıcının ailəsinin durumu ilə bağlı hən hansısa məlumatı olmadığını deyib: “Ailəsi ilə bağlı hər hansı məlumatım yoxdur”. 

Ə.Dadaşov qeyd edib ki, koronavirusdan qorunmaq üçün xüsusi preparatlar yoxdur: “İmmunitet normal səviyyədə olmalıdır, normal qidalanmaq lazımdır, təmiz havada gəzmək lazımdır. Sosial məsafəni saxlayın, maska daşıyın. Əllərinizi dezinfeksiyaedici məhlullarla yuyun”. 

Qeyd edək ki, S.Nemətzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.

Afaq Mirayiq