Bu ölkələr koronavirusdan sonra dünyanı çalxalayacaq - Yeni dünya düzəni necə olacaq? – Politoloq AÇIQLADI
    • 4-08-2020, 13:55
    • 1 313

Bu ölkələr koronavirusdan sonra dünyanı çalxalayacaq - Yeni dünya düzəni necə olacaq? – Politoloq AÇIQLADI

“Nöqsanlı liderlərin baxışları dünyanı çalxalamaqda davam edə bilər”. 

Bunu News24.az-a açıqlamasında koronavirusdan sonra dünya düzəninin hansı məcrada inkişaf edəcəyini təhlil edən politoloq Qabil Hüseynli deyib. 

Politoloq bildirib ki, Yaxın Şərqdə vəziyyətin düzələcəyinə ümidlər artdıqca, vəziyyəti gərginləşdirən yeni məqamlar ortaya çıxmaqdadır: “Bu məsələlərdə Misirin diktatoru Əbdülfəttah əs-Sisinin təşəbbüsləri mühüm rol oynayır. Belə ki, o, BƏƏ yardımı ilə Suriyada Türkiyəyə qarşı anti-türk koalisiyasını formalaşdırdığını deyib. Həqiqətən də uzun müddətdir ki, Misir həm Liviyada, həm də Suriyada Türkiyənin iştirakına qarşı ən çox təbliğat aparan, açıq şəkildə bəyanatlar verən bir ölkədir. Güman edirəm ki, kənardan Fransa və hətta Rusiya səviyyəsində Sisiyə dəstək verən mərkəzlər var. Onlar Sisini qızışdırıb, Türkiyəyə qarşı yönləndirirlər. Məqsədləri Türkiyəni ərəb ölkələrindən vurub çıxarmaqdır. Suriyada daha da irəliyə gedərək, Türkiyəyə məxsus Hatay vilayətini də onlardan “geri” alacaqlarını deyiblər. 

Qeyd etməliyik ki, Almaniya, Fransa və İtaliyada Türkiyəyə silah satmağa embarqo qoyulub. Bunun özü də vəziyyəti çətinləşdirən məqamlardan biridir. Hətta Türkiyənin NATO üzrə müttəfiqləri də qardaş ölkənin ərəb ölkələrində vətəndaş müharibəsini dayandırmağa, demokratik dəyişikliklər həyata keçirməyə yönələn səylərini dəstəkləmirlər. Bu məsələ özü çox təəccüblüdür. Çünki onlar özləri də bəyanat verirlər ki, Suriya vətəndaş qarşıdurmasından, diktator zülmündən əziyyət çəkir. Liviyada Xəlifə Haftarın addımlarını pisləməklərinə baxmayaraq, bu hərəkətlərin aradan qaldırılması üçün heç bir real səy nümayiş etməyiblər. Bu addımı atmaq istəyən ölkəyə də qısqanclıqla yanaşıb, ona qarşı müəyyən siyasi və hərbi embarqolar tətbiq edirlər. Bu, çox təhlükəli və xoşagəlməz bir prosesdir. Ümumiyyətlə Sisini qeyri-ciddi biri hesab edirəm. O, indiyənə qədər çox təşəbbüslər irəli sürüb, amma onları həyata keçirə bilməyib. Bütün işlərin və maliyyənin başında Səudiyyə Ərəbistanı dayanır. Türkiyəyə qarşı nəzərdə tutulan sui-qəsdlər və planlar baş tutmayacaq. Müəyyən qədər baş tutarsa, Türkiyənin bu koalisiyanı vurub dağıtmağa yetərli qədər gücü var”.

Q.Hüseynli qeyd edib ki, koronavirusdan sonra əvvəlki dünya düzəni olmayacaq: “Dünya düzəninin formalaşmasında ABŞ böyük rol oynayıb. Çox zaman bunu demokratik düzən adlandırırdılar. Ancaq koronavirusdan sonra yeni oyunçular peyda oldu. Bu oyunçular içərisində Çin və Rusiya daha aktivdir. Onlar bir qütblü dünyanın çox qütblü olmasını çoxdan deyiblər. İndi isə bunun həyata keçirilməsi üçün daha ciddi addımlar atırlar. Bir qütblü dünyanın mövcud olduğu dövrdə dünya qloballaşırdı. Qloballaşma bütün dünyada eyni siyasi sistemin, dəyərlərin mövcud olmasını nəzərdə tutan vahid dünya siyasi və iqtisadi məkanının formalaşmasına xidmət edən ideyadan ibarət olsa da, sonda özünü doğrultmadı. Çünki neoqlobalizm şəraitində varlı ölkələr daha da varlandılar. Kasıb ölkələr isə daha da kasıbladılar. Dünyada sərt iqtisadi rəqabət mövcud idi. Bu rəqabət prosesində kasıb ölkələrin inkişaf etmiş ölkələrə çatması üçün nə maliyyə, nə texnoloji, nə də elmi qüdrətləri var idi”. 

O, hesab edir ki, yeni dünya düzəni köhnədən öz mənfi çalarları ilə fərqlənə bilər: “Dünya yeni təsir dairəsinə bölünməsi ilə səciyyələnəcək. Hazırda dünyada yeni güc mərkəzləri peyda olmaqdadır. Bu güc mərkəzləri arasında rəqabətin artması gözlənilir. Gələcək dünyaya baxışda ikili fikirlər var. Bəziləri deyir ki, dünya daha sakit, humanist, insani dəyərlərlə formalaşacaq. Digər qism isə bildirir ki, dünyada sürpriz güc mərkəzlərinin meydana gəlməsi ilə yeni ərazilər əldə etmək istiqamətində rəqabət xeyli artacaq. Bu rəqabət bəzi ölkələrdə silahlı toqquşmalara da gətirib çıxara bilər. Məsələn, Çin və Amerika arasında belə bir qarşıdurma ola bilər. Rusiya “itirilmiş rus torpaqları” adı altında köhnə postsovet ölkələrinə iddialar irəli sürməkdədir. Dünyanı sakitləşdirən yox, daha da gərginləşdirən fikir və bəyanatlar daha çox tirajlanır. Zənnimcə, dünyada vəziyyətin gərgin olacağı fikri özünü doğrultmaqdadır. Nöqsanlı liderlərin baxışları dünyanı çalxalamaqda davam edə bilər”. 

Məhərrəm Əliyev