Hərbi ekspert: Döyüş meydanı ŞOU YERİ DEYİL - Zirehli gödəkcə və dəbilqə BU ŞƏXSLƏRƏ verilməlidir...
    • 9-10-2020, 16:49
    • 539

Hərbi ekspert: Döyüş meydanı ŞOU YERİ DEYİL - Zirehli gödəkcə və dəbilqə BU ŞƏXSLƏRƏ verilməlidir...

Son zamanlar bir sıra sənət adamları və tanınan simalar qızğın döyüşlərin müşahidə edildiyi ərazilərə gedib, oradan görüntülər paylaşırlar. Xüsusilə, bəzi sənət adamlarının əynində zirehli gödəkcə və dəbilqənin olması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi media nümayəndələrinin zirehli geyim və dəbilqə tapmaması da maraqlı nüanslardan biridir. 

Bəs məlum geyimlər kimlərə verilməlidir? 

Məsələni aydınlaşdırmaq üçün hərbi ekspert Ramil Məmmədli ilə əlaqə saxladıq. 

Ramil Məmmədli News24.az-a açıqlamasında bildirib ki, zirehli gödəkcə və dəbilqə ilk növbədə hərbçilərə verilməlidir:

"Daha sonra həmin ərazidə informasiya mübadiləsi ilə məşğul olan mətbuat nümayəndələri təmin olunmalıdır. Həmçinin, icazəli formada aidiyyəti mülki şəxslərə verilə bilər. 

Hər hansısa bir sənətçinin ön xətdə dəbilqə və zirehli gödəkcədən istifadə etməsi normal bir haldır. Yəni, Müdafiə Nazirliyi və ya aidiyyatı qurum buna razılıq veribsə, bununla bağlı hər hansısa bir problem olmamalıdır. Ancaq orada bu geyimi geyinib, şou xarakterli hərəkətlər edib, özlərini reklam edirlərsə, bu yaxşı hal deyil. Döyüş meydanı şou yeri deyil. İlk olaraq özləri üçün müsbət hal deyil. İnsanlar fərqli formada yanaşırlar. Tənqid obyektinə çevrilə bilərlər. Bu məsələləri düşünüb anlamalıdılar. Ön xəttə gedən istənilən şəxs gərgin döyüşlərin baş verdiyi ərazidədirsə, zirehli gödəkcə və dəbilqə ilə təmin olunmalıdır. 

Gəncədəki bazara erməni seperatçıları tərəfindən açılan atəşlərin nəticəsində ortaya çıxan ziyanları mülki insanlar videoya çəkib, sosial şəbəkədə yayırlarsa və ya bir-birlərinə göndərirlərsə, buna məhdudiyyət qoymaq düzgün deyil. Buna yox demək də qəribə olar. Ancaq hərbi təyinatlı obyektlərdə, döyüşlərin getdiyi ərazilərdə strateji mövqelərin görüntüyə alınıb, bilərək və ya bilməyərəkdən sosial şəbəkələrdə paylaşılması doğru hal deyil. Aidiyyatı qurumlar da bu hallarla məşğul olurlar". 

Məhərrəm Əliyev