Məktəblər yenidən BAĞLANA BİLƏR - Ekspertlərdən XƏBƏRDARLIQ
    • 11-02-2021, 16:48
    • 1 056

Məktəblər yenidən BAĞLANA BİLƏR - Ekspertlərdən XƏBƏRDARLIQ

Son zamanlar valideynlər arasında ciddi narazılıqlar yaranıb. Bizə daxil olan məlumata əsasən, bir çox məktəbdə uşaqlarda ishal və ürəkbulanma kimi hallar meydana çıxıb. Bəzi siniflərdə isə yoluxma halları üzə çıxdığı üçün şagirdlər “onlayn” rejimə keçib. Yayılan şayiələrə əsasən, şagirdlər arasında yoluxma hallarının artması ilə əlaqədar martın əvvəlindən etibarən məktəblər yenidən bağlanacaq. 

News24.az olaraq məsələni araşdırmaq qərarına gəldik.

Övladı 1-ci sinifdə oxuyan Firəngiz Vəliyeva narazılığını bildirən valideynlərdən biridir:


“Ötən ilin sentyabrın 15-dən etibarən ilk övladım, oğlum Raul 1-ci sinifə getməyə başladı. Təhsil ilinin başlaması da alışdığımızdan çox fərqli idi. Qoruyucu maskada olan körpələrimiz qapıda spirtlənərək ilk dəfə məktəbə və sinif otaqlarına qədəm qoydular. Amma əllərində nə çiçəklər oldu, nə məktəblərdə xüsusi qarşılanma mərasimləri keçirildi. Övladı 1-ci sinifə gedən bir çox valideyn kimi mən də həmin ərəfədə məktəblərin ənənəvi şəkildə fəaliyyət göstərməyəcəyindən narahatlıq keçirirdim. Valideynlər olaraq qorxduğumuz başımıza gəldi. Sentyabrın 15-də məktəblər açıldı, oktyabrın ilk günlərində yenidən qapandı. Bir müddətdən sonra yenidən məktəblər açıldı və hazırda bağlanacağı deyilir. 

Mən çox narahatam və nə edəcəyimi bilmirəm. Övladım hələ 1-ci sinifdədir, əgər bilsəydim ki, 2020-2021 təhsil sistemi bu formada olacaq, heç onu 1-ci sinifə qoymazdım. İndi həm uşağımın psixologiyası pozulur, həm də təhsildən geri qalır. Əlavə ödənişlər edərək, onu hazırlıqlara qoymaq məcburiyyətində qalmışam. Bir valideyn olaraq bu durumdan çox narahatam. Düzdür, sağlamlıq çox önəmli məsələdir, amma məktəblər cəmi 2-3 həftəlik açılmaqdansa, bağlı qalsa yaxşıdır. Uşaq sinif yoldaşlarına, müəlliməylə birbaşa ünsiyyətə öyrəşməyə macal tapmamış dərslər yenidən dayandırılır. Təbii ki, bu da onların psixologiyasına ciddi təsir edir. Həm özümüz, həm də övladlarımız psixoloji sarsıntı keçiririk”.


İbtidai sinif müəllimi Aysel Muradova qeyd edib ki, pandemiyanın təhsilimizdə yaratdığı çətinliklərin ağrısını təkcə şagirdlər yox, həm də müəllimlər çəkir:

“Hərçənd valideynlər bütün narahatlıqlarda müəlllimləri qınayırlar. Amma, inanın, biz də bu məsələdə şagirdlər qədər əziyyət çəkirik. 
Təbii ki, biz də çox arzulayırıq ənənəvi təhsil forması tam bərpa olunsun. Əvvəllər olduğu kimi normal qaydada, virus, yoluxma nigarançılığı olmadan dərs keçək. Amma neynəyək ki, dərslər bir gün açılır, bir müddət keçir, yenidən dayandırılır. Özümüzü uşaqlarla gündəlik təmasa, adi dərs qaydasına kökləyən kimi, xəbər çıxır ki, dərslər yenə onlayn formaya keçdi. Sözsüz ki, bu da həm işimizin keyfiyyətinə, həm də uşaqların dərs ovqatına ciddi təsir edir”.


Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, xəstəliyin tamamilə yox olacağını gözləmək əbəsdir:

“Hazırda dünyanın hər yerində məktəblər yavaş-yavaş açılır. Bioloji və tibbi tərəfdən məsələyə yanaşsaq, görərik ki, bu virus evdə oturmaqla keçib gedən deyil. Bizim onu gözləməyimiz iki-üç ilimizi alacaq. Yəni, ümumi immunitet qazandıqdan sonra bu proses sona çatacaq. Ümumi immunitetin qazanılma prosesi biz evdə olduğumuz təqdirdə 5 il olacaqsa, çöldə olduğumuz halda iki-üç il olacaq. Uşaqlarda simptomların göstərilməsi problem deyil. Çünki onlar da yavaş-yavaş sosial həyata öyrəşməlidilər”. 

Ekspert bildirib ki, virusdan qaçmaq yox, onunla barışmaq lazımdır: “Kənd və ya küçədə böyüyən uşaqlar daha sağlam olurlar. Onların immunitet sistemləri daha güclü olur. Toz-torpağın içində gündəlik bəlkə də onlarla virus və bakteriyaya məruz qaldıqları üçün bədənləri bu viruslara daha yaxşı adaptasiya olur. Həmin uşaqlar gümrah olduğundan viruslara qarşı müqavimətli olurlar”. 


Onun sözlərinə görə, məktəblər açılandan sonra yaranan mənzərə gözlənilən idi: “Peyvəndləmə prosesindən sonra vəziyyət stabilləşəcək və qaydasına düşəcək. Kütləvi halda yoluxma olsa, sırf həmin sinfi bağlamaq lazımdır, məktəbləri yox. Aylarla məktəblərin qapalı qalması düzgün deyil. Yüzlərlə uşaq məktəbdən uzaq düşdü və “onlayn” təhsilə möhtac oldu. Təəssüf ki, hazırda başqa çıxış yolumuz yoxdur. Yoluxmuş olsalar belə, körpələrin və ya uşaqların bu xəstəliklə mübarizə etməsi və öhdəsindən gəlməsi 98 faizdir”. 

Qoşqar Məhərrəmov hesab edir ki, yoluxma sayı artarsa, məktəblər yenidən bağlana bilər: “Nazirliyin bundan əvvəlki təcrübəsinə əsaslanaraq, bu fikri deyirəm. Amma məncə, bağlanmamalıdır. Eyni addımı atmaq insanlarda etibarsızlıq yaradır. Zənnimcə, uşaqlarda yoluxma hallarının həqiqətən də koronavirusla bağlı olub-olmadığı yoxlanılmalıdır. Aydınlaşdırılmalıdır ki, şagirdlər həqiqətən də COVID-19-dan, yoxsa uzun müddət evdə qalmaqdan, məktəbin aurasına öyrəşməməkdən bu simptomlar üzə çıxır".


Tibb elmləri doktoru, professor Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar epidemioloji vəziyyətə görə təyin edilir:

"Yoluxanlar arasında azalma tendensiyası, sağalanların çoxalması, əhalinin böyük əksəriyyətinin yoluxaraq immunitet qazanması sosial həyatda yumşalmalara imkan yaradır. Orta və ya ali məktəblərdə tələbələr, yaxud şagirdlərin əyani dərslərinin davam etdirilməsi yaxşı olardı ki, dünya təcrübəsi ilə uzlaşsın. Bu gün Almaniya, Fransa, İngiltərə və digər Avropa ölkələri epidemioloji vəziyyətə uyğun olaraq davranırlarsa, bizim də bu nümunələri tətbiq etməyimiz məqsədəuyğun olardı. Çünki təşkilatların böyük əksəriyyəti həm ölkədə kifayət qədər inkişaf etmiş səhiyyənin və xəstəliklərin nəzarət mərkəzlərinin, həm də ÜST-ün tövsiyəsi ilə hərəkət edirlər”. 


Professor vurğulayıb ki, epidemioloji vəziyyət pisləşərsə, məktəblər yenidən bağlana bilər: “Bu, situasiyadan asılıdır. Son vaxtlar uşaqlar arasında yoluxma hallarının artması bizi narahat edir. Nəzərə alsaq ki, koronavirusun “Britaniya ştamı”nın bütün dünyaya yayılması tam realdır. Çünki ayrı-ayrı ölkələrdə virusun bu ştamı tapılıb və təsdiqlənib. Biz qloballaşan dünyada yaşayırıq. Bu virusun da Azərbaycana gəlməsi təəccüblü olmaz. Düşünürəm ki, bu faktorlar nəzərə alınmalı idi. Biz mart ayında məktəbləri yenidən bağlasaq, deməli, yanlış yanaşmış olacağıq. Hər bir hal ölçülüb-biçilməlidir. Bu situasiyada ən yaxşı variant inkişaf edən ölkələrin dünya təcrübəsindən yararlanmaqdır. Həmin ölkələrin praktikasına müraciət etmək daha düzgün seçim olar”. 

Məhərrəm Əliyev