"Səhər-axşam toy oxuyacam" - Mügənnilər şadyanalıq edir
    • 22-06-2021, 14:31
    • 602

"Səhər-axşam toy oxuyacam" - Mügənnilər şadyanalıq edir

Xəbər verdiyimiz kimi, iyulun 1-dən Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək. Verilən qərar sözsüz ki, daha çox toy sahəsində çalışan insanları sevindirib. Xüsusilə də, sənətçiləri. 

Müğənni Elçin Hüseynov News24.az -a bildirib ki, artıq iyulun 1-nə kifayət qədər toy yazdıranlar var: "Hazırda Moskvadayam. Xoş xəbəri eşidən kimi, biletimi aldım. Sözsüz ki, qoyulan bütün qaydalara əməl edəcəyik. Bildiyiniz kimi, mənim "NİEL" adlı orkestrim var. Orda təqribən 15 nəfər musiqiçi çalışır. Amma yəqin ki, bundan sonra heyətimi azaldacam. Əsas tərkib 6-7 nəfərdən ibarətdir. Onların da hər biri peyvənd olunub. O ki, qaldı toyun qiymətinə, dəyişikliklər olmayacaq. Çünki indi bütün sahələrdə müəyyən sıxıntılar var. Ona görə də, düşünürəm ki, bütün sənətçilər bu problemləri nəzərə almalıdır.  Hər kəsi başa düşməliyik. Çünki elə cütlüklər var ki, il yarımdır bu günü  gözləyir. Onları incitmək olmaz. Həm də Məhərrəm ayının başlamasına çox az vaxt qalıb. Ona görə də, hər birimiz bu müddətdən səmərəli şəkildə istifadə etməli, bütün cütlüklərin izdivaclarını reallaşmasına dəstək olmalıyıq. Düzdür, bu qədər toyu çatdırmaq çətin olacaq, amma bir yolunu tapmalıyıq, heç kimi incitməməliyik. Hətta ola bilər ki, toylar üst-üstə də düşsün, və yaxud da günortaya qədər bir toy,  günortadan sonra başqa bir toy olsun. Deyim ki, bizdə belə bir təcrübə olub. İlk olaraq çoxdan gözləyənləri nəzərə alacağıq, daha sonra siyahıya yeni yazılanları. Yadınızdadırsa, bu qərarın qüvvəyə minməsi ilə bağlı bir neçə dəfə söz-söhbətlər gəzirdi. Hər dəfəsində də, bizim toy kitabçamız yenilənirdi. İndi isə iyulun 1-i üçün yazılanlar, zəng edənlər, maraqlananlar kifayət qədərdir. Məncə, böyükdən-kiçiyə hər kəs bu qərara görə çox sevinir. Toysuz Azərbaycan xalqını təsəvvür etmək olmur, bu bizim ən gözəl adət-ənənəmizdir. Ona görə də ürəkdən arzulayıram ki, Allah xalqımıza yalnız toy nəsib etsin".  

Əməkdar artist Elnarə Abdullayeva isə verilən qərardan xəbərsiz olduğunu deyib: "Toyların keçirilməsinə icazə verilib? Xəbərim yox idi. Nə gözəl xəbərdir. Boynumuz qanun qarşısında qıldan incədir. İcazə verilmədi, biz də əməl etdik. İl yarım səbr elədik, indi də mükafatımızı alırıq. Amma bundan sonra da bütün şərtlərə əməl edəcəyik. Neçə nişanlı cütlüklər var idi ki, onlar gözdə -qulaqda idi. Məhz onları təbrik edirəm. Düzdür, bundan sonra da Moskvaya gedəcəm, çünki orda işlərim, konsertlərim, toylarım olur, amma əsas odur ki, artıq gözəl ölkəmizdə toyların keçirilməsinə icazə verildi. Öncədən yazılanlar artıq arxayın şəkildə müraciət edə bilərlər. İnanın ki, elə cütlüklər var idi, bəlkə 50 dəfə toy tarixini dəyişib. Amma yəqin bu gündən artıq zənglər başlayacaq və yeni tarixlər müəyyən olunacaq. Sözsüz ki, köhnə tarixdə olan toyları önə salacağıq. Toyların üst-üstə düşməməsi üçün siyahını nizamlayacağıq. Hər kəs il yarımdır bu qərarın qüvvəyə minməsini gözləyirdi".

Toy qiymətlərinə gəlincə, müğənni bunları deyib: "Hər kəsi nəzərə alacağıq. İndiki vəziyyətdə qiymət artımından söhbət gedə bilməz. Toyu bir müğənni, bir də musiqiçi ilə də idarə etmək olar. Fərq eləməz, o toyu Elnarə oxuyub, ya qeyrisi. Əsas odur, toy olsun, balalarımız xoşbəxt olsun. Təki Allah xalqımıza şadlıq nəsib eləsin".

Müğənni Zamiq Hüseynov da verilən qərara görə çox sevinclidir: "1 iyuldan toylara icazə verilməsi xəbəri hamımızı sevindirdi. Təki ölkəmizdə hər zaman toy-büsatli günlər olsun. Bütün sənət yoldaşlarım və musiqiçilər üçün xeyirli olsun, deyə bilərəm. Biz də öz növbəmizdə çalışacağıq ki, pandemiya qaydalarına əməl edək!"

Müğənni Günay İbrahimli açıqlamasında söyləyib ki, toy qiymətində dəyişiklik etməyəcək: "Qiymət artımından söhbət gedə bilməz. Toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla  problemlərdən əziyyət çəkirik. Toylara icazə verilməsi xəbərini alanda isə çox sevindim. Bu dövr ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm".

Müğənni Ayaz Qasımov da verilən qərara münasibət bildirən sənətçilərdəndir: "Həm millətimiz, həm də musiqiçilər adına çox sevindim. Nəhayət ki, gözəl günlər başlayır. Sözsüz ki, bu tək musiqi cameəsinın sevinci deyil, eyni zamanda bir çox əhəmiyyətli sahələrin də fəaliyyətinin başlaması və o sahələrdə çalışan insanlarin da sevincidir. Biz xalqımızın xoş günlərində iştirak etmək üçün 2 ilə yaxındır ki, gözləyirdik. Bir çox sahələr fəalliyyət göstərdiyi halda, toylar yox idi və bu dönəm bizim üçün çox çətin keçdi. Amma düşünürəm ki, hər kəs nəzərə alınacaq. Təki toy olsun, qalan hər bir şey düzələndir".

Müğənni Elvin Abdullayev verilən qərara görə hər kəsi təbrik edib: "Hər kəsi təbrik edirəm, xalqımızın gözü aydın olsun. Düşünürəm ki, elə ən birinci dəyişiklik qonaq sayların az olması ilə əlaqəlidir. Mənim oxuyacağım toyların qiymətində heç bir dəyişiklik olmayacaq.  Kim qaldıracaqsa, düşünürəm, heç də düzgün addım atmış olmayacaq. Çünki bu dövrdə xalqımızı nəzərə alıb, onlara yardımçı olmalıyıq. Biz elə bir sektorda çalışırıq ki, gəlirimiz bir-birimizdən aslıdır. Gərək elə addım ataq ki, nə şiş yansın, nə də kabab".