Polad Həşimovun əsgərləri: "O, bizə həm atalıq, həm də qardaşlıq edirdi" - VİDEO/FOTO
    • 12-07-2021, 16:25
    • 2 309

Polad Həşimovun əsgərləri: "O, bizə həm atalıq, həm də qardaşlıq edirdi" - VİDEO/FOTO

Bu gün General-mayor Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərinin ildönümüdür. Polad Həşimovun şəxsiyyətinin möhtəşəmliyi vəfatından sonra üzə çıxan bir çox gerçəklərdə öz  əksini tapdı. “Sən demə” ilə başlayan bütün cümlələrin sonunda generalımızın insani və hərbi keyfiyyətlərinin mükəmməlliyini görmüş olduq.

News24.az olaraq mərhum generalımızın fərdi keyfiyyətlərini yaxından öyrənmək üçün yaxın dostu və əsgərləri ilə həmsöhbət olduq.


“Polad Həşimovun adı keçən yerdə canımızı verərik” deyən əsgərləri tükürpədən həqiqətlərdən danışdılar. Bir insan bu qədərmi örnək ola bilər? Bəli, Polad Həşimov haqqında eşitdiklərimizdən sonra anladıq ki, o, torpağa, yurda sevgisi ilə əsl Vətən fədaisi, Azərbaycan sevdalısıdır. Məsləyinə sədaqəti ilə ən parlaq nümunədir.

Polad Həşimov yaxın dostu, ehtiyatda olan baş leytenant Elbrus Rzayevin xatirələrinə belə sərlövhə qoyub: “1996-cı ildən 1999-cu ilin dekabrına qədər Polad Həşimovla birgə xidmət etmişik. O, mənim bölük komandirim idi. Vəzifəcə böyük olsa da, yaşca kiçik idi. Ancaq buna baxmayaraq, böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Polad Həşimov sıranın qabağına çıxanda, hər kəs sevinirdi. Heç bəlkə də oradakılar öz ata-analarını görəndə, bu qədər sevinmirdilər. O, sıranın önünə keçəndə, bizə rahatlıq gəlirdi. Zabitlər, əsgərlər hamısı ona deyirdi ki, “komutan”, əgər atışma olarsa, biz özümüzü güllənin qabağına atıb, sizi qoruyarıq. Bu sevgini hər komandir əsgərdə və zabitdə yarada bilməz. Sibirdə 40 dərəcə soyuqda, qarda-boranda olmuşam, amma Murovun o dərəcədə dəhşətli soyuq olduğunu bilmirdim. Bununla belə, Polad Həşimov əsgərlərdə elə bir birlik yaratmışdı ki, onlar postdan düşmək istəmirdi. Əsgərlərlə birgə dağa yükləri daşıyırdı. Əsgərlərini sıraya düzüb hamısına deyirdi ki, mən də əsgərəm, sizin bir qardaşınızam və çətinliyiniz, sirriniz olsa, bölüşə bilərsiniz. 



Polad Həşimovun yaxın dostu olduğum halda 2016-cı il Aprel döyüşlərində iştirak etdiyini bilmədim. O, döyüşlərdə yaralandığı halda bunu öz ailəsinə də deməmişdi. Anası deyir, yatanda fikir verdim ki, ayağında yara var. Nə olduğunu soruşanda, ciddi bir şey olmadığını deyib. Yəni o insan döyüşə getdiyini nə dostuna deyərdi, nə də ailəsinə. Polad Həşimov həm general, həm komandir, həm əsgər, həm də Milli Qəhrəman oldu. Onun dəfn mərasimində Türkiyə ordusunun zabitləri belə ürəkdən ağlayırdı. Halbuki generalımızı sadəcə bir gün görmüşdülər”.

O deyir ki, Polad Həşimovun şəhid olması xəbər həyatında aldığı ən ağır xəbərlərdən biridir: “Generalın ölüm xəbərini alanda elə bil,  ömrünün yarısı getdi. Onun şəhadəti Azərbaycan xalqının oyanışına səbəb oldu. Onun ən böyük arzusu Azərbaycan xalqının işğal altında olan torpaqlarının azad olmasını görmək idi. Mənə deyirdi ki, torpaqlarımız işğaldan azad olunsun, səninlə gedib Kəlbəcərdə yaşayacam”. 


Polad Həşimovun əsgərlərinin sözlərindəki səmimiyyəti gözlərindəki kədərdən və qürurdan anlamaq olurdu. Onlar Murov kimi çətin bir yerdə hamam, televizor, işıq, generator, yüklərin daşınması üçün at və çox sayda rahatlıq verəcək vasitələri mərhum generalımızın əsgərlərinə öz büdcəsindən təmin etdiyini qeyd etdilər. Özünü əsgərlərdən ayırmayan generalımızın bütün ağır işlərdə öndə olduğunu, onlarla birgə çalışdığını, həmçinin, onlarla birgə deyib-güldüyünü öyrəndik. Polad Həşimov o qədər unikal, seçilən, dəyərli bir şəxsiyyət olub ki, xidməti boyunca “mən ölsəm də olar, əsas odur əsgərlərimə heç nə olmasın” kimi məsuliyyətli ifadəni deyib və hər addımda ona əməl edib.

Cənab general, siz şəhid oldunuz. Hər kəs sizdən danışdı. Xoş xatirələrlə sizi yad etdilər. Bu xatirələri oxuduqca, dinlədikcə, mükəmməl bir insan, əməli, əqidəsi düz vətən aşiqini, sözün əsl mənasında bir vətəndaşımızı itirdiyimizi dərk etdik. Rahat uyuyun, əsgərləriniz arzunuzu yerinə yetirdi. 

Allah rəhmət eləsin!



Müxbir: Məhərrəm Əliyev
Video: Fərid Şabanov
Hüseyn Həsənov