“Övladlarımızı məktəbdən evə qapamaq YANLIŞDIR, güclülər SAĞ QALACAQ” – Ekspertlərdən HƏYƏCAN SİQNALI
    • 26-10-2021, 15:29
    • 615

“Övladlarımızı məktəbdən evə qapamaq YANLIŞDIR, güclülər SAĞ QALACAQ” – Ekspertlərdən HƏYƏCAN SİQNALI

Təhsil müəssisələri qapılarını şagirdlərin və tələbələrin üzünə açmasından sonra ölkədə yoluxanların sayında yenidən artım müşahidə olundu. Bunun nəticəsində bəzi məktəblər qapadıldı, bəzilərində isə müəyyən siniflər distant təhsilə keçdi. Eyni vəziyyət universitetlərdə də hökm sürür. Universitetlərdə qruplar, fakültələr bağlandı. Mövcud vəziyyətdən hər kəs narahatdır və veriləcək qərarı gözləyir. 

Həmçinin bu yaxınlarda Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yaydı. Məlumatda bildirilib ki, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. 

Bəs, görəsən ekspertlər və valideynlər bu məsələlərlə bağlı nə düşünür?


Təhsil eksperti Qoşqar Məhərrəmov News24.az-a açıqlamasında bildirib ki, məktəblərin tam qapanması doğru deyil: “Ölkə səviyyəsində verilən bir qərar hamının ehtiyaclarını qarşılamalıdır. Biz lokal hərəkət etmək məcburiyyətindəyik. Bütün məktəblərin bağlanması ucqar kəndlərdəki 5 və ya 20 şagirdi olan məktəblərin distant təhsilə keçməsi anlamına gəlir. Qeyd etdiyimiz kateqoriyadan olan məktəblərdə təhsil alan şagirdlərin bir çoxunda internet yoxdur, onlar planşet və kompüterə sahib deyillər. Beləliklə, tam qapanma ilə regionlarda iqtisadi gəlirləri aşağı olan insanları təhsildən qoparmış olacağıq. Aydındır ki, lokal qapanmaların da çətin tərəfləri var. Məsələn, şagirdlər distant və əyani təhsil arasında get-gəl edirlər. Bu da onların psixologiyasına neqativ təsir edir. Ancaq nəzərə almalıyıq ki, pisdən daha pisi var. Hazırda başqa çıxış yolu yoxdur”.

Ekspert hesab edir ki, məktəblər tamamilə onlayn təhsilə keçdiyi zaman şagirdlərin təhsilə əlçatanlığı xeyli azalır: “Beynəlxalq təşkilatlar belə qərara gəliblər ki, məktəblər qapadılmasın. Bioloji baxdığımız zaman bu virusun mutasiya etməyini gözləyirik. Biz 1 ildən çoxdur ki, evdə oturduq. Ancaq virus yoxa çıxmadı. Deməli, bütün müəssisələri, iaşə obyektlərini, təhsil ocaqlarını bağlamaq həll yolu deyil. Qapanma çıxış yolu olmadığı halda niyə bu yoldan istifadə edək? Nə qədər kədərli olsa da immuniteti güclü olanlar sağ qalacaq, virus isə bədənlərdə mutasiyaya uğrayıb dəyişəcək”. 


Tibbi ekspert, professor Adil Qeybulla saytımıza açıqlamasında deyib ki, Delta ştammının dünyada tüğyan etdiyi ərəfədə müəyyən profilaktik addımların atılmasına ehtiyac var: “Buna görə də vaksinin intensivləşdirilməsi və yaş həddinin artırılması epidemioloji vəziyyətə bağlıdır. Nəzərə almaq lazımdır ki, vaksin olunan şəxslərdə yaranan immunitet yoluxma zəncirini qırır. Ya həmin şəxslər özləri yoluxmur, ya da xəstəlikləri yoluxucu olmur. Bu baxımdan da pandemiya kollektiv immunitetin yaranması ilə sona çatacaq”.

Övladı 8-ci sinifdə təhsi alan valideyn Aynurə Hacıyeva vaksin vurulmasının lehinə olduğunu deyib: “Bəzi mənbələrdə oxudum ki, Amerikada 12 yaşdan yuxarı uşaqlara “Pfizer” vaksini vurulur. Məncə, vaksinlə bağlı vahiməyə düşəcək bir səbəb yoxdur. Valideynlər arasında yaranan qorxuya gəldikdə isə düşünürəm ki, onlarla maarifləndirici söhbətlər edilməlidir, məktəbdaxili tədbirlər keçirilməlidir. Vaksinin effektli olması ilə bağlı nə şagirdlər, nə də valideynlər arasında təbliğatlar aparılır. Valideynlərin bir çoxu sadəcə öz aralarında danışdıqları söhbətlərə inanırlar. Üç-beş valideyn bir araya gəldikdə, arasında bir nəfər yanlış informasiya ilə digərlərinin beynini qarışdırır”.

10 və 15 yaşlı övlad sahibi olan Səbinə Vəlibəyova isə məsələyə fərqli yanaşıb: “Eybi yox, biz vaksin vurduraq. Ancaq 12 yaşdan yuxarı uşaqların vaksinasiyasının tərəfdarı deyiləm. Övladlarıma vaksin vurulmasına imkan verməyəcəm. Çünki onlar bizim gələcəyimizdir. Vaksinin hansı fəsadları törədəcəyindən əminliyim yoxdur. Vaksinasiyadan keçən insanların sayı çoxalsa da yoluxma azalmır. İkinci və ya üçüncü vaksinlər təklif olunur”.


Həkim-infeksionist Nicat Əzimli vurğulayıb ki, 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək sadəcə tövsiyədir, qadağa yox: “Son zamanlar aşağı yaş qruplarında COVID-dən ağırlaşma və ölüm hallarının çoxalması ciddi narahatlıq doğurur və bu yaş qruplarında virusa qarşı mübarizəni zəruri edir. Hazırda dünyada bu istiqamətdə istifadə olunan vaksinlərdən biri “Pfizer Comirnaty” vaksinidir. Xüsusilə obez, yanaşı xronik xəstəlikləri olan, COVID-in risk qruplarına daxil olan yeniyetmələr bu vaksinasiyada iştirak edə bilər”.

Valideyn Nigar Qasımlı narahatlığını belə izah edib: “Mən ilk dəfə vaksin vurduranda qolumda ağrılar yarandı, bir neçə gün hərarətim yüksək oldu, hətta dərimdə səpkilər belə müşahidə etdim. Bu səbəbdən övladımın vaksin vurdurmağından ehtiyat edirəm”. 

6-cı sinifdə təhsil alan Muradın anası Aminə Muradova isə tərəddüdlərinə son qoymağın yeganə yolunun vaksin olduğunu deyib: “Övladımla eyni sinifdə təhsil alan şagirdlər qrip əlamətləri ilə dərsə gəlirlər. Amma COVID və ya mövsümi qrip olması ilə bağlı tərəddüdlərimiz var. Uşağımı vaksinasiyadan keçirsəm, ürəyim rahat olar ki, o, xəstəliyi yüngül keçirəcək”.