Azərbaycanda tələbə REKTOR OLDU – VİDEOREPORTAJ
    • 13-12-2021, 15:02
    • 1 078

Azərbaycanda tələbə REKTOR OLDU – VİDEOREPORTAJ

Bu gün Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsi reallaşır. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Tələbələr rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər. Bu gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. 

Bundan əlavə, rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

News24.az olaraq bu layihə ilə yaxından tanış olmaq üçün Azərbaycan Dillər Universitetinə üz tutduq.

İş masasında bizi qəbul edən xəlifə rektor Nurlan Tağıyev 56 səs çoxluğu ilə 6 rəqibinə qalib gəldiyini deyib: “Təhsil fakültəsinin dördüncü kurs tələbəsiyəm, ingilis dili müəllimliyi üzrə təhsil alıram. Həmçinin Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri vəzifəsini icra edirəm. Hörmətli rektorumuz Kamal Abdullanın təşəbbüsü ilə artıq universitetimizdə dördüncü dəfədir ki, xəlifə seçkiləri keçirilir. Xəlifə seçkiləri tələbələrin idarəetmə potensialını üzə çıxarmağa və digər tələbələrə töhfə verməyə kömək edir. Hər il xəlifə seçkilərində 40-45 təklif gəlir və bunların ən azı 36-37-i qəbul olunur. Xəlifə seçkiləri tam şəffaf formada keçirilir. Seçkilər tələbə yoldaşlarımız tərəfindən aparılır”.

Xəlifə rektor bildirib ki, gün ərzində çoxsaylı layihə və planları var: “Bir azdan Yunanıstan və Pakistan dövlətinin rəsmi səlahiyyətli səfiri universitetimizə rəsmi səfərdə olacaq. Onları biz tələbə xəlifələr qarşılayacağıq. Çalışacağıq ki, bu görüş həm universitetimiz, həm də bizlər üçün çox faydalı olsun. Onlarla əməkdaşlıq etməyə çalışacağıq”.


O, tələbələrə verdiyi vədlərdən də söz açıb: “Xəlifə rektor vəzifəsi yalnız bir günlə kifayətlənmir, bu gündən sonra bir illik “Kölgə kabineti” formalaşdıracam və rektor ilə birlikdə iclas və konfranslarda iştirak edəcəm. Tələbə yoldaşlarımın təklif və şikayətlərini dinləyib, yeniliklər üçün çalışacam. Əgər daimi rektor olsam, universitetdə yeni dillərin tədris olunması və mərkəzlərin yaradılması üzərində çalışaram. Klassik dillərin təbliğatını gücləndirmək üçün addımlar ataram. 

Platformamda universitetimizin şüarı olan “öyrədərək öyrənirəm”i ön plana çəkdim. Artıq dərslərdə praktikanı artırmaq məqsədilə tələbələrin “öyrədərək öyrənirəm” prinsipi ilə dərs keçməsi təşkil olunacaq. Yəni həmin tələbələr növbəti dərsi bir gün öncədən oxuyub öyrənəcək, gələn dərs özü məllim kimi tələbə yoldaşlarına izah etməyə çalışacaq. Daha sonra hər semestr sonu təqdim olunan sərbəst işlərin təqdimatını dəyirmi masa ətrafında ümumi şəkildə keçirməyə çalışacam. Bu da tələbə və müəllimlərə əlavə vaxt qazanmağa kömək edəcək”.

Xəlifə rektorla görüş keçirən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov layihə barədə düşüncələrini saytımıza bölüşüb: “Çox gözəl bir layihədir. 1 gün ərzində idarəçilik prinsiplərini həyata keçirən rektor və prorektorlarla görüşdük. Görüş əsnasında gənclərin inkişafına daim dəstək olmağa hazır olduğumuzu qeyd etdim. Ölkəmizin gəncləri qürurludur. Onlar öz addımlarında dövlətimizin siyasətini prioritet seçirlər. Bu layihənin həyata keçirilməsi bizdə xoş təəssürat yaratdı”.


Xəlifə prorektor Ramin Məhərrəmov vədləri arasında musiqiyə də yer ayırdığını deyib: “60 say çoxluğu ilə rəqiblərimə qalib gəlmişəm. Tələbələrin inkişafına dəstək olmaq istəyirəm. Vədlərimdən biri “O Səs ADU” yarışmasının keçirilməsidir. Keyfiyyətli səsləri və musiqi duyumu olan tələbələrə mükafatlar təqdim oluna bilər. İkinci vədim sosial fond yaratmaq idi. Tələbələr öz əl işlərini universitetdə sataraq, həm özlərinə, həm də maddi durumu aşağı olan digər tələbələrə yardım edə bilərlər. Heyvanlara qayğı ilə bağlı aksiyamız var. Bu aksiyaya bizim universitetin tələbələri qoşulub. Lakin çox istərdik ki, digər universitetlərdən də bizə dəstək gəlsin. Çünki nə qədər çox tələbə olsa, bir o qədər həyat yaşada və ya xilas edə bilərik. Bundan başqa, məsləhət köşkü yaratmağı təklif etdim. Məsləhət köşkündə tələbələrin hansısa problemi, dərs sıxıntıları və yaxud ailə-psixoloji problemləri varsa, dinlənilib, həlli istiqamətində addımlar ata bilərik”. 

Xəlifə prorektor Aysel Əlibabazadə isə kitab çatışmazlığı ilə bağlı problemin həlli istiqamətində vədlər verdiyini qeyd edib: “Dördüncü kurs tələbəsiyəm. Fransız dili üzrə dil və ədəbiyyat müəllimliyi ixtisasında təhsil alıram. 68 səs çoxluğu ilə 4 rəqibimə qalib gələrək seçilmişəm. Tələbələr üçün bir sıra planlarım var. Düşünürəm ki, bu planlar onların tələbəlik həyatında bir qədər müsbət addımlara yol açacaq. Bəzi otaqlarda texniki təchizat problemləri var. Bu problemlərin həllini tapması üçün müəyyən qurumlarla əlaqələr saxlayacağıq. Bundan başqa universitetdə kitab çatışmazlığı problemi var. Kitab resurs mərkəzi ilə danışılacaq və tələbələr daha çox kitablarla təmin olunacaq”.


Xatırladaq ki, oktyabrın 26-dan noyabrın 26-dək layihədə iştirak üçün 39 rəhbər vəzifə üzrə 217 tələbə müraciət edib. Noyabrın 29-dan dekabrın 3-dək isə ikinci mərhələ seçkilərində 39 vəzifə üzrə 39 namizəd iştirak edib. Rektor vəzifəsi üçün seçilmiş 6 namizəddən Nurlan Tağıyev 56 səslə qalib gəlib. Rektor seçkilərində 125 nəfər seçici qismində iştirak edib. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 39 rəhbər vəzifəni icra edəcəklər. Vəzifələri tutan şəxslər bu gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. 

Reportajı təqdim edirik: 

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev