Burda yalnız uşaqlar xidmət edir  - Bakının ən fərqli kafesindən VİDEOREPORTAJ
    • 25-04-2022, 18:53
    • 704

Burda yalnız uşaqlar xidmət edir - Bakının ən fərqli kafesindən VİDEOREPORTAJ

Autizm-fərqli, lakin bərabər. Belə bir deyim var: “Əgər siz bir autizmli insan tanıyırsınızsa, deməli, yalnız bir autizmli insan tanıyırsız”. Çünki onlar fərqli düşünür, fərqli şeylərdən xoşlanır, bir-birlərinə qətiyyən bənzəmirlər. Onlar yalnız bir-birilərindən deyil, hər kəsdən fərqlənirlər. Amma düşüncələrindəki bu rəngarənglik, müxtəliflik onların dünyasını daha da güclü, daha zəngin edir. 
Əslində elə yaşamaq da fərqliliklərlə gözəldir. Bu fərqli, zəngin düşüncəli insanları cəmiyyətə qazandırmaq isə hər birimizin işidir.
Biz də bu işdə qatqımızın olması və aprelin autizmlə mübarizə ayı olmasını nəzərə alıb News24.az üçün fərqli bir məkandan süjet hazırladıq.
 
Təbii ki, bu məkanın fərqi nə onun dizaynında, nə də fərqli menyusundadır. Başlıca fərq ondan ibarətdir ki, burada çalışanlar ofisantlar yox, autizmli gənclərdir. “Birgə və Sağlam İctimai Birliyi”nin layihəsi olaraq fəaliyyət göstərən “Kaşalata kafe”sində autizm sindromlu yeniyetmələr müəllimlərinin nəzarəti ilə xüsusi fəaliyyət cədvəlləri əsasında peşə təlimi alır, iş öyrənir, yeni kəşflər edir, yeni insanlar tanıyırlar. Bu kafenin bir fərqli cəhəti də ondan ibarətdir ki, burada müştərtilərə təqdim olunan şirniyyatlar bu uşaqlar tərəfindən hazırlanır.

Qeyd edək ki, kafenin “Kaşalata” adı almasının da maraqlı hekayəsi var. “Birgə və Sağlam İctimai Birliyi”nin sədri Aytən Eynalova deyir ki, “Kaşalata” adını onun oğlu seçib: “Oğlum Həmzə də autizm xəstəsidir. Biz uzun zaman Türkiyədə yaşamışıq. Orda olduğumuz müddətdə Həmzə türk dilində “kaşık” və “salata” sözlərini birləşdirib bütün yeməklərə “kaşalata” deyirdi. O üzdən də biz düşündük ki, bir kafe açaq və  adını da məhz “Kaşalata” qoyaq. Həmin gündən autizm mərkəzimiz və kafemiz fəaliyyətə başladı.”

Bu kafedə çalışan autizmli uşaqlar göstərir ki, əngəllər heç vaxt inkişafa əngəl deyil. Onlar cəmiyyətə bu cür yollarla da qaynayıb-qarışa, interqasiya edilə, xoşbəxt ola bilərlər. Bizim öhdəmizə düşən isə onları cəmiyyətə qazandırmaq, dəstək vermək, yanlarında olmaqdır.

Müxbir: Qumral ƏLİYEVA
Video: Nicat NİFTƏLİYEV