Xızıda sürücü polislərə zor tətbiq etdi
    • 13-08-2022, 11:10
    • 637

Xızıda sürücü polislərə zor tətbiq etdi

Xızıda sürücü və dostu polislərə müqavimət göstərib.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 10-u saat 23 radələrində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən tarixdə Xızı-Giləzi avtomobil yolunda hərəkətdə olan “VAZ 21093” markalı avtomobilin sürücüsü Amid Qafarovun avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə ərazidə xidmətdə olan Xızı DYP bölməsinin yol patrul xidməti əməkdaşları Aslan Rəhimov və Məmməd Kərimov tərəfindən saxlanıldığı zaman dostu Famil Zeynalov ilə birlikdə heç bir əsaslı səbəb olmadan polis əməkdaşlarına zor tətbiq edərək müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Amid Qafarov və Famil Zeynalov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam edir.