Olimpiadaya ev sahibliyi edən Fransada 180 nəfər saxlanıldı
    • Bu gün, 13:46
    • 59

Olimpiadaya ev sahibliyi edən Fransada 180 nəfər saxlanıldı

Fransanın daxili işlər naziri Cerald Darmanin Parisin ətraf ərazilərindən biri olan Sen-Deni şəhərindəki polis bölməsinə səfərində Olimpiya Oyunları zamanı Parisdə və onun ətrafındakı ictimai asayişlə bağlı yerli mətbuata açıqlama verib.

News24.az xəbər verir ki, 2024-cü ilin əvvəlindən paytaxt Paris və ətraflarında cinayət nisbətində ciddi azalma olduğunu bildirən Darmanin, yanvarın 1-dən bu yana bu bölgədə zorakı soyğunçuluq hadisələrinin 24 faiz, avtomobil oğurluğunun 10 faiz və ictimai nəqliyyatda şiddətin 40 faiz azaldığını bildirib.

Darmanin, Olimpiya Oyunları başlayandan hər gün zorakılıq hərəkətləri planlaşdırmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını, lakin terror aktı planlaşdırılmağı barədə məlumat almadıqlarını vurğulayıb.

Nazir beynəlxalq idman tədbiri başlayandan bəri polisin 200 nəfərə qarşı tədbir gördüyünü və onlardan 180-nin saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə Sena çayı üzərində iyulun 26-da açılış mərasimi ilə başlayan 33-cü Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Məlumat üçün onu da qeyd edək ki, Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün 35 min polis, 18 min əsgər və minlərlə özəl təhlükəsizlik işçisi çalışır.

Məryəm İlhamqızı