"Ya saxta diplom alıblar, ya da..." - Müəllimlərin səhvinə reaksiyalar
    • 8-09-2022, 16:58
    • 1 112

"Ya saxta diplom alıblar, ya da..." - Müəllimlərin səhvinə reaksiyalar

"Əgər müəllimin vəzifəsi oxumaq və yazmağı öyrətməkdirsə, əlbəttə, bu məqamda müəllimin oxu və yazı bacarıqları yerində olmalıdır.  İbtidai sinif müəllimi riyaziyyat, Azərbaycan dili kimi fənləri universitetdə öyrənir və peşəsini icra edərkən öz biliklərini şagirdlərinə öyrətməlidir. Ona görə də biz deyə bilmərik ki, bir çox insan bu sözləri səhv yazır, qarışdırırsa, müəllimlərin də səhv yazması  düzgündür. Bizneslə məşğul olan şəxsin, mühəndisin, həkimin  sözləri səhv yazması başa düşüləndir. Bu ola bilər. Müəyyən qədər bunu onlara bağışlaya bilərik. Amma müəllimə bağışlaya bilmərik. Çünki müəllim elə sözlərin düzgün yazılışını öyrədir. Ona görə də bu məsələ üzərindən keçiləcək məsələ deyil".

Bunu News24.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. 

O bildirib ki, bu kimi halların baş vermə səbəbini təhsilin kökündə axtarmalıyıq : "Ola bilsin ki, həmin müəllimlər universiteti yaxşı oxumayıb, yaxud universitet normal olmayıb. Ya saxta diplom alıb universitetə getmədən məzun olublar, ya da illər ərzində peşələrini icra edərkən özlərini inkişaf etdirməyiblər.Əgər müəllim 4 -cü sinif səviyyəsində olan materialı bilmirsə, deməli o, dərsdə uşaqları yola verir, insanları aldadır.  
Direktor, direktor müavini də deməyib ki, bunu səhv etdiniz. Bu müəllimlərin qəbahət və nöqsanları da uzun illər görülməyib. Görülsə belə bir çarə tapılmayıb. 

Sertifikasiyadan əvvəl diaqnostik qiymətləndirmə aparıldı və bənzər müəllimlərin nəticələri o zaman da aşağı oldu. Həmin qiymətələndirmənin nəticəsinə görə dərs yükü az veriləndə , işdən azad ediləndə məktəbi  məhkəməyə verib məktəbə geri qayıtdılar. Sertifikasiya bu baxımdan vacib idi ki, peşəkar və qeyri-peşəkar müəllimlər müəyyən olunsun. Bu halların yaşanmaması, müəllim nüfuzunun yüksəlməsi, daha keyfiyyətli kadrların müəllimlik peşəsinə gəlməsi üçün son dövrdəki islahatlar uğurludur".

Ekspert Nadir İsrafilovun fikrincə isə nazirin çıxışını ictimailəşdirmək müəllimin nüfuzuna xələl gətirməkdir: " Nazirin dünənki çıxışını qabardıb sosial şəbəkələrdə müəllimlərin savadsızlığı haqqında fikirlər yaradırlar. Dünəndən bəri sosial şəbəkələri "şaftalı" şəkilləri bürüyüb. Mən hesab edirəm ki, bu məsələni o qədər də qabartmaq lazım deyil. Nə edək ki, bizdə belə müəllimlər var. Ancaq elə davranırlar ki, guya ölkədə tək nöqsanı olan müəllimlərdir. Müəllimləri həddindən artıq dilə-dişə salmışıq. Müəllimlərin səhv yazdığı deyilən o sözlər heç orfoqrafiya lüğətində düzgün şəkildə öz əskini tapmayıb. Sözü səhv yazan riyaziyyat müəllimi ola bilər. Bir sözün yanlış yazılması müəllimin savadsızlığına dəlalət edə bilməz. Bu kimi məsələlərin qabardılıb ictimailəşdirilməsi müəllim nüfuzuna xələl gətirir. Sertifikasiya imtahanında iştirak edən minlərlə müəllimdən 500 nəfərin səhv etməsi o demək deyil ki, bizim müəllimlər savadsızdır.  Bunların hamısını  zamanında buraxılan səhvlərdən yaranıb. Problemin kökü odur ki, biz həmişə müəllimin üstünə gedirik. Müəllim hazırlayan ali məktəblər heç sorğu-suala çəkilmir ki, nəyə görə keyfiyyətsiz kadr yetişdirir". 


Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, bu kimi halları ictimaiyyətə təqdim etmək müsbət haldır: "Kifayət qədər peşəkar müəllimlərimiz var, amma savadsız olanlar da var. Bu hər sahədə belədir. Bunu açıq şəkildə dilə gətirmək isə müsbət haldır. İnsanlar da bilməlidir ki, problemlər nədir, hardan qaynaqlanır. Şəffaf şəkildə yaxşı nəticələr də, pis nəticələr də cəmiyyətə deyilməlidir. O sözləri səhv yazan müəllim hardan gəlir? Həmin müəllimlər də Azərbaycan məktəbində dərs alıb. Bu halları yaşamaq istəmiriksə, təhsilin səviyyəsini yüksəltməliyik". 
 

Qeyd edək ki, dünən keçirilən Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev  çıxışı zamanı bildirmişdi ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını  tapa bilməyib. 770 müəllim isə "səhv", "asfalt", "dastan", "cəmiyyət" və "radio" sözlərinin düzgün yazılışını bilməyib.

Qumral Əliyeva