Azərbaycanda əsəbi insanların sayı NİYƏ ARTIR? – “Fəlsəfənin yerinə meyxananı elit görən cəmiyyət...”
    • 21-10-2022, 17:58
    • 522

Azərbaycanda əsəbi insanların sayı NİYƏ ARTIR? – “Fəlsəfənin yerinə meyxananı elit görən cəmiyyət...”

Son zamanlar Azərbaycanda aqressiv, gərgin insanların sayının artdığını müşahidə edirik. Bunu ictimai nəqliyyatda, taksi xidmətlərində, iş mühitlərində və s. görmək mümkündür.

Bəs, insanlar niyə aqressivləşib, onlar nədən narazıdır? Bu narazılıq fərdi səbəblərdən qaynaqlanır, yoxsa cəmiyyətin şərik səbəbləri var?


Suallarımıza cavab tapmaq üçün əvvəlcə sosioloq Sahib Altayla həmsöhbət olduq. 

O, News24.az-a açıqlamasında bildirib ki, proses, hadisə heç vaxt bir səbəbdən baş vermir: “Bu, elmin yekdilliklə gəldiyi bir nəticədir, rəydir. Bu gün dünyada stres və aqressiya halları ən çox rast gəlinən və problem adı verilən xüsuslardan biridir. Tarixən mövcud olan, dövrə görə dəyişən və cəmiyyətlərə xas olan xüsusi səbəblər var. İnsanlarda kütləvi depressiya və aqressiya hallarına gətirib çıxaran səbəblərdən biri Coğrafiyadır. Bəzi ərazilərdə yaşayan insanlar iqlim və coğrafiyanın təsirləri səbəbindən həyatlarını gərgin formada davam etdirirlər. İnkişaf etmiş Qərb, Avropa və ya Skandinaviya ölkələrindən nümunələr deyə bilərik. 

Bundan əlavə, ümumən dünyada stresə səbəb olan məsələlərdən biri də inkişaf tendensiyasıdır. İnkişaf tendensiyasına görə insan sayı artdıqca, yaşayış məskənlərində demoqrafik göstəricilər yüksək həddə çatır və sıxlıq yaşanır. İnsanların ehtiyaclarını ödəməsi üçün müraciət etdiyi mərkəzlərdə, nəqliyyat, kommunikasiya xidmətlərində, sənədləşmə prosesi reallaşan idarələrdə və s. hər yerdə sıxlaşma mövcuddur. 


Təbii ki, inkişaf etmiş ölkələrdə bu məsələlər insana verilən dəyərə görə tənzimlənir ki, sıxlığa rəğmən aqressiya halları olmasın. Texnoloji və sənaye yeniliklərində artan çeşidlilik də aqressiya hallarını yaradır. Digər bir məsələ informasiya ilə bağlıdır. İnsan beyninin müəyyən gücü var. Əvvəlki dövrlərdə insanın bu qədər informasiya vermək və almaq imkanları yox idi. İnternetin sərhədsiz informasiya imkanları insan beyninin öz gücündən daha çox yüklənməsi ilə nəticələnir. Bu da beyində çaxnaşmaya və ya “qısaqapanma”lara səbəb olur. Sonda isə stres ortaya çıxır. 

Əvvəllər məqsədli şəkildə insanlara hansısa hadisələr təlqin olunmurdu, çünki informasiyanın gerçək sərhədləri var idi. Bu gün məlumatlarla yanaşı görüntülər də insanlarda neqativ təəssüratlar yaradır”. 

Ekspert ölkəmizdə stres yaradan səbəbləri belə sıralayıb: “Azərbaycanda qəbul edilən mental ənənə və dəyərlər var. Bu qəlibçiliyə zidd olaraq yayılan informasiya sərhədsizliyi insanlarda ağır stress hallarını formalaşdırır. Bundan başqa, ölkəmizdə nəqliyyat, kommunikasiya xidməti doğru təşkil olunmayıb. Hər yerdə insanlar sıxlıq yaşayırlar. Vətəndaşlarımızın tıxaca sərf etdiyi zamanı hesablasaq, bunu özü ciddi arqessiya mənbəyidir. Ölkədəki işsizlik amili nəticəsində də stres faktoru önə keçir. 

Əmək fəaliyyəti təkcə maddi qazanc əldə etməyə hesablanmayıb. Əmək insanın cəmiyyətə yararlığını isbat edən və onun daxilində qürura çevrilən bir fəaliyyət növüdür. Təbii ki, maddi tələbatını ödəyə bilməyən və yaxud da gəliri aşağı səviyyədə olan insan qürur əksikliyi yaşayır. Ölkəmizdə həm də nizamsız mühit var. Bunu biz işdə, məktəbdə, idarələrdə, küçədə, parkda və s. görürük. Bu nizamsızlığın sayəsində insanlar davamlı olaraq əsəbiləşirlər.

Bir dostum Amerikada yaşayır, o deyir, hər kəs üzümüzə gülümsəyir, tanımadığımız insanlar bizə salam verir. Hətta deyir, bəzən əsəbləşə bilmədiyi üçün əsəbləşir. Vətəndaşın əsəbiləşməməsi və stres keçirməməsi üçün onun maddi və mənəvi tələbatları ödənilməlidir. Azərbaycanda isə vətəndaşa yönəlik bütün xidmət sektorlarında nizamsızlıq var”.


Şair, yazıçı, publisist Aqşin Yenisey isə hesab edir ki, ən təhlükəli səbəb kütləvi savadsızlıqdır: “İnsanlar həyatlarını mənalandıra, üzləşdikləri hadisələri özləri üçün izah edə bilmirlər. Bu da aqressivləşməyə, vəhşi instinktlərin oyanmasına gətirib çıxarır. Stalinin “insan yoxdursa, problem də yoxdur” radikal həll yolu bu gün sadə insanların da problem kimi gördükləri məsələlərə baxış tərzinə çevrilib. Savadsızlıq kütləviləşdikcə, balaca Stalinlərin sayı da artır. Buna fəlsəfədə “ressentiment” deyirlər. Anlamadığına qarşı insanın bəslədiyi kin. Yəni öz uğursuzluğunun qisasını uğurlu insanlardan almaq.

Bu gün cəmiyyətimizdə cahil aqressiyası (fələstinizm) baş alıb gedir. Cahil dedikdə insanların çoxu bu sözün din fanatlarına aid olduğunu düşünürlər. Halbuki bu gün cəmiyyətimiz elmi, siyasi, demokratik, etik, estetik cahillərlə dolub-daşır və sosial şəbəkələr vasitəsilə cəmiyyətin bütün təbəqələrinə yoluxdurulur. Günümüzün səhrası sosial şəbəkələrdə böyüyür. Bu gün söz və fikir azadlığı əsl sözün və əsl fikrin meydanını daraltmaq üçün istifadə olunur. Cəmiyyətin senzurası hökumətin senzurasından daha amansızdır. Çıxış yolu, əlbəttə ki, bütün mədəni cəmiyyətlərdə olduğu kimi, həqiqi biliyin, təhsilin, zəkanın elitarlaşdırılmasıdır. Fəlsəfənin yerinə meyxananı elitarlaşdıran cəmiyyət vəhşiliyin bir addımlığında yaşamağa məhkumdur”.