Azərbaycanda partlayıcı maddələr zavodu tikiləcək
    • 16-02-2023, 17:20
    • 215

Azərbaycanda partlayıcı maddələr zavodu tikiləcək

Azərbaycanda ilk dəfə olaraq Gəncə şəhərində inşa ediləcək sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun ümumi investisiya dəyəri 14 mln. manatdır.

News24.az xəbər verir ki, bunu zavodu inşa edəcək "AzerBlast" MMC-nin icraçı direktoru Rizvan Baxşıyev bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 mln. manat, avadanlıqların alınması və quraşdırılmasına 4 mln. manat vəsait sərf olunacaq.

"Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir. Bütün bu vəsaitlər təsisçilər tərəfindən Nizamnamə kapitalına qoyuluşlar və sərfəli şərtlərlə əldə edilmiş kredit hesabına təmin olunacaq.

Layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat nəzərdə tutulub. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirləri daha da artacaq, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyəti təmin ediləcəkdir", - deyə Rizvan Baxşıyev vurğulayıb.