"Əvvəllər qızla oğlan gözəl rəqs edirdi, indi hamısı atılıb-düşür"
    • 28-02-2023, 13:02
    • 164

"Əvvəllər qızla oğlan gözəl rəqs edirdi, indi hamısı atılıb-düşür"

"Keçmiş Mədəniyyət naziri ilə görüşdə olanda dedi ki, sabah sizə şad xəbər verəcəm. Sonra məlum oldu ki, ölkədəki kitabxana və mədəniyyət müəssisələrinin yarısı ixtisar olunur. Bu gün ölkənin bir çox kəndlərində mədəniyyət evləri və klublar yoxdur, hamısı ləğv olunub. Qalan mədəniyyət evləri də boşdur”.

News24.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Mədəniyyət Komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, rayonlarda kitabxana var, amma içi boşdur:

“Azərbaycanı sanki mədəniyyətsiz ölkəyə çevirmək siyasəti gedir. Bu nə deməkdir?! Dağ kəndlərində məktəb, xəstəxana, mədəniyyətlər evləri var, amma onların əlindən bunu da alırlar. Belə islahatlar nəyə xidmət edir?! Bunu bizə izah edən yoxdur. Ən çox da uduzan Azərbaycan mədəniyyətidir. Sovet rejimində belə ən xırda kənddə mədəniyyət müəssisələri qorunurdu, kitabxanalara kitab göndərilirdi. Amma indi heç rayon mərkəzinə belə kitab göndərilmir. Çünki əvvəl ölkədə kitab alıb rayonlara göndərməklə məşğul olan şəxslərə dövlət pul ayırırdı. O da sifariş verirdi. İndi həmin şəxslər yoxdur, bu sistem ləğv olunub”.

Millək vəkili qeyd edib ki, gələcəyimiz haqqında düşünürüksə, birinci mədəniyyətlə bağlı işlər görməliyik:
"Bir nümunə çəkim, əvvəl rəqslərə baxırdıq, qızla oğlan gözəl rəqs edirdi. Amma indi elə deyil. Hamısı atılıb-düşür. Uzun zamandır "Yallı" rəqsini görmürəm. Rəqs havalarımız toylarda pis günə düşüb. Hamısını özümüz edirik".