"Testlərin hazırlaması səlahiyyəti DİM-dən alınmalıdır"
    • 13-03-2023, 14:08
    • 151

"Testlərin hazırlaması səlahiyyəti DİM-dən alınmalıdır"

"Dövlət İmtahan Mərkəzi vətəndaşların təhsil almaq hüququnu həyata keçirmələrinə ən böyük maneədir".

Bunu News24.az-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.

Onun sözlərinə görə, hər il imtahanlardan sonra DİM-in tərtib etdiyi suallarla bağlı narazılıqlar ortaya çıxır: 

"Testlərin hazırlaması səlahiyyəti DİM-dən alınmalıdır. Prezident, yaxud Nazirlər Kabineti yanında Testologiya mərkəzi ( və ya institut) yaradılmalıdır. Bu mərkəz nə DİM-in, nə də Elm və Təhsil Nazirliyinin tabeliyində olmalıdır. Sanki Azərbaycanda təhsil siyasətini həyata keçirən bir yox, iki mərkəzi orqan var. Bunun da zərbəsi abituriyent və valideynlərə dəyir. Repititorluğun geniş yayılmasınının səbəbi də budur. DİM imtahanları keçirən texniki bir quruma çevrilməlidir. Bununla həm də DİM-in Elm və Təhsil Nazirliyinin fəaliyyəti üzərində manipulyativ davranışlarının qarşısı alınacaq".

Ekspert əlavə edib ki, DİM-in imtahan keçirmə mexanizmində də dəyişiklik edilməlidir: 

"Qrup imtahanları ixtisaslar üzrə imtahanlarla əvəz edilməlidir. Abituriyentlər hansı ixtisası arzulayırsa, məhz həmin ixtisas üzrə müsabiqəyə qoşulmalıdır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada qrup üzrə imtahan aparılsın. Bu, Azərbaycan gəncini seçdiyi peşə üzrə yaxşı mütəxəssis olmaq imkanından məhrum edir. Eyni zamanda həmin gənclərin təhsil aldıqdan sonra dövlətə və cəmiyyətə xidmət etmək imkanlarının qarşısını kəsir".

Qumral Əliyeva