"Azərbaycanda universitet böhranı var, Prezidentə məlumat verilməlidir" - Deputatdan ÇAĞIRIŞ
    • 11-07-2023, 14:00
    • 307

"Azərbaycanda universitet böhranı var, Prezidentə məlumat verilməlidir" - Deputatdan ÇAĞIRIŞ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet “Zobik Gəncinski” ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı tələbələr tərəfindən kütləvi şəkildə oxunulanda “Facebook” səhifəmdə rektor Mustafa Babanlını istefaya çağırmışdım. Bu çağrışımda digər səbəbləri: Universitetdə baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiyanı da əsas gətirmişdim”.

News24.az xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Feysbuk səhifəsində qeyd edib.

Deputat bildirib ki, universitetdə əcnəbi tələbələrin təhsilinə nəzarət demək olar ki, itirilmişdi.

“Bütün bunlardan Elm və Təhsil Nazirliyinin rəhbərliyinin xəbəri var idi, lakin ölkə rəhbərliyinə dürüst informasiya verilmirdi. Dünyanın məşhur QS reytinqində (QS World University Rankings) universitetlərimizin acınacaqlı durumu ilə bağlı da ölkə rəhbərliyinə məlumat verilməlidir. Ölkədə universitet böhranı var. Qalib xalqın bütün məmurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və çağırışlarına birmənalı olaraq əməl etməlidirlər. Qanunların icrası prosesi sürətlə həyata keçirilməli, bütün sahələrdə ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq geniş vüsət almalıdır”, - E.Əliyev vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib.