Hamı görüntüdən danışır, amma... - Naxçıvan Bayraq muzeyindən AÇIQLAMA
    • 13-07-2023, 19:08
    • 309

Hamı görüntüdən danışır, amma... - Naxçıvan Bayraq muzeyindən AÇIQLAMA

"Muzeylər açıq qapıdır. Hər psixologiyada insanlar buraya gələ bilər. Hər bir qonağın da özünə məxsus xarakteri var. Muzey əməkdaşları bu vəziyyətdə təmkinli olmalıdırlar. Qonağın muzeydən məmnun getməsinə çalışmalıdırlar. Biz də baş verən hadisədən üzgünük. Kaş ki, belə olmazdı. Hadisədən sonra həmin əməkdaş cəzalandırıldı, işdən uzaqlaşdırıldı. Mənə də töhmət verdilər".

Bunun News24.az-a açıqlamasında Naxçıvanda Bayraq muzeyinin direktoru Hüseynov Rəmzi deyib.

Muzeyin direktoru hadisənin necə baş verməsindən də danışıb: "Muzeyə daxil olan əcnəbi vətəndaş muzeyin əməkdaşına ağır söyüşlər söyüb, onu təhqir edib, şəxsiyyətinə nalayiq ifadələr işlədib. Bizim əməkdaş həmin təhqirdən sonra əsəblərinə hakim ola bilməyib və səs tonunu qaldırıb. Səs tonunun qalxdığını görən turist də həmin vaxt video çəkməyə başlayıb.

Hər kəs görüntülərdən danışır, görüntüdən əvvəl olan hadisələrdən isə heç kim danışmır. Düzdür, əməkdaşımız təmkinli olmalı idi. Ancaq şəxsiyyətini təhqir etdikdən sonra o da əsəblərini cilovlaya bilməyib".

Xatırladaq ki, türkiyəli turist Naxçıvanda Bayraq müzeyində təhqirə məruz qalmasını iddia edib. O, bununla bağlı görüntüləri sosial şəbəkələrdə paylaşıb. Hadisədən sonra muzeyin əməkdaşı Məhərrəmli Asudə işdən çıxarılıb. Muzeyin direktoru Hüseynov Rəmziyə isə töhmət verilib.

Qumral Əliyeva