Rüstəm Orucovdan təxribata əl atan erməniyə tutarlı CAVAB
    • 2-10-2023, 14:40
    • 489

Rüstəm Orucovdan təxribata əl atan erməniyə tutarlı CAVAB

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Atletika Federasiyasından Day.Az-a verilən məlumata görə, Atletlər Komissiyasının sədri, "Rio-2016" Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər.

R.Orucovun verdiyi məlumata görə, forumun ilk günündə bir sıra maraqlı məsələlər müzakirə olunub. Həmçinin Rusiya və Belarus idmançılarının yarışlarda hansı status altında çıxış edəcəyi barədə məsələyə də baxılıb.

Forumun birinci günündə erməni idmançı Arsen Culfalakyan təxribat xarakterli çıxış edib. O, müharibə şəraitində olan ölkəsinin hazırda 125 min "qaçqın"ı olduğunu bildirib.

Həmin vaxt Rüstəm Orucov çıxış edərək, dərhal erməni idmançını susdurub. Azərbaycanın tanınmış cüdoçusu bildirib ki, 30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi:

"Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə "qaçqın" varsa, bu, problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməniəsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində "Laçın" sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib, oradakı sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın soydaşlarımız xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirilib, soyqırımına məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər".

Rüstəm Orucovun tutarlı cavablarından sonra erməni idmançı dərhal sakitləşərək fikirlərinə düzəliş edib. O, əslində, idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib: "Mən demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz. Biz idmançılar öz gücümüzü idman arenasında göstərməliyik".

Qeyd edək ki, Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.