Şəhid ailələri və hərbi qulluqçulara mənzillər verildi
    • 8-12-2023, 19:54
    • 237

Şəhid ailələri və hərbi qulluqçulara mənzillər verildi

Dekabrın 8-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə daha çox qüsursuz və 20 il xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ümumilikdə 473 mənzil püşkatma yolu ilə növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.

Püşaktma mərasimində ev alanlar arasında 44 günlük Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Qasımovun ailəsi də var. Ev onun qardaşı Mübariz Qasımova təqdim edilib:

"44 günlük Vətən müharibəsində şəhid olan Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımovun kiçik qardaşıyam. Qardaşım Ramiz 1993-cü ildən ordu sıralarına qoşulub və 27 il pilot kimi fəaliyyət göstərib. Vətən müharibəsi başlayanda havaya qalxan "Mi-17" hücum helikopterinin pilotu olub. Sentyabrın 27-də idarə etdiyi hərbi "Mi-17" hücum helikopteri ilə döyüşdən qayıdarkən düşmən tərəfindən vurulub. Ramiz ağır yaralanıb və 25 gün komada qalıb.

Ramizə və digər şəhidlərimizə olan diqqətə, evlərin verilməsinə görə dövlətimizə, Müdafiə Nazirliyinə təşəkkür edirik. Qardaşıma Ramana qəsəbəsindən 100 kvadratmetrlik gözəl bir ev verildi. Dövlətimiz və dövlət başçımıza minnətdarıq. Bu, dövlətimizin şəhidlərə və şəhid ailələrinə göstərdiyi qayğının bir nümunəsidir".

Püşkatma yolu ilə ev alanlardan biri ehtiyatda olan baş çavuş Ulduz Quliyeva 20 ildən artıq Müdafiə Nazirliyində xidmət etdiyini bildirib:

"20 ildən artıq Müdafiə Nazirliyində qüsursuz xidmət etmişəm. Bu gün mənə Hövsan qəsəbəsində 3 otaqlı ev verildi. Buna görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Qüsursuz xidmət etmiş hərbi qulluqçulara belə gözəl şərait yaradılmasına görə minnətdaram".

Seçim əsasında hərbi qulluqçuların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında mənzillər təqdim edilib. 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib. Mənzillərin 28-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından, 445-i isə Mənzil İnşaatı Dövlət Agentliyi balansından verilib.