"Taliban" BMT-yə müraciət etdi: Bu qədər iş görmüşük, tanıyın
    • 19-02-2024, 23:44
    • 185

"Taliban" BMT-yə müraciət etdi: Bu qədər iş görmüşük, tanıyın

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatı BMT-nin onu ölkədə qanuni hakimiyyət kimi tanımasını gözləyir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin rəhbərinin müavini Əbdül Salam Hənəfi deyib.

“Əfqanıstan İslam Əmirliyinin korrupsiyanın aradan qaldırılması, narkotiklərin becərilməsi və qaçaqmalçılığa qadağa qoyulması, davamlı sülhün bərqərar edilməsi, ehtiyacı olanlara yardımların paylanması, 1 milyondan çox narkomanın müalicəsi sahəsində irəliləyişini nəzərə alaraq, biz ciddi addımlar gözləyirik”, - Hənəfi Kabildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Asiya və Sakit Okean regionu üzrə regional bürosunun direktoru Kani Viqnaraca ilə görüşdə deyib. Onun sözlərini Əfqanıstanın Milli Radio və Televiziyası (RTA) sitat gətirib.

Bundan əlavə, müvəqqəti Əfqanıstan hökumətinin sədr müavini dünya təşkilatından “iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə İslam Əmirliyi (Əfqanıstan) ilə əməkdaşlıq etməyi” xahiş edib. Viqnaraca, öz növbəsində, BMT-nin Əfqanıstanda ətraf mühit, humanitar məsələlər, məşğulluq, infrastruktur məsələləri və yoxsulluğun azaldılması sahələrində yardım göstərməyə davam etməyə hazır olduğunu bildirib.