"Havana sindromu Rusiya kəşfiyyatı ilə bağlıdır"
    • 1-04-2024, 17:48
    • 124

"Havana sindromu Rusiya kəşfiyyatı ilə bağlıdır"

The Insider, Der Spiegel və CBS-nin birgə apardığı araşdırmanın nəticələri CBS telekanalının 60 Minutes proqramında dərc olunub.

News24.az xəbər verir ki, Havana sindromu qurbanlarının rus səs silahları ilə hədəfə alındığını iddia edən araşdırmada, Havana sindromu hadisələrini araşdıran Amerikalı hərbi detektiv Greg Edgreen, sirli xəstəliyin qurbanları arasında ortaq əlaqənin "Rusiya" olduğunu ifadə etdi.

Edqri bu insanların bir şəkildə Rusiyaya qarşı işlədiklərini, bu ölkəyə fokuslandıqlarını və işlərini çox yaxşı yerinə yetirdiklərini qeyd etdi.

Digər tərəfdən, amerikalı diplomatların Havana sindromunun əlamətlərini göstərdiyi vaxtda Rusiya hərbi kəşfiyyat xidmətinin "29155" kimi tanınan bölməsinin casuslarının yaxın ərazilərdə olduğuna dair dəlillərin olduğu da araşdırmada paylaşılıb.

Rusiyaya yönəlmiş nəşrləri ilə tanınan The Insider saytında da yazılıb ki, 29155-ci bölmədə olan rus agentləri “öldürücü olmayan akustik silahların” hazırlanması üzrə işlərinə görə mükafatlandırılıblar.

Amerika rəsmiləri CBS News-a bildiriblər ki, onlar qəribə xəstəliyi yaxından araşdırmağa davam edəcəklər. Lakin onlar bu hallarla xarici düşmənlər arasında heç bir əlaqənin olmadığı fikrindədirlər.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov, sözügedən araşdırma ilə bağlı açıqlamasında Rusiyanın müdaxiləsinə dair heç bir dəlil olmadığını vurğuladı.

Peskov bildirib ki, yayım təşkilatlarının araşdırmalarında irəli sürülən ittihamlar əsassızdır.

Günel Məlikzadə