Ana və qızın işlətdiyi çayxanada qanlı cinayət: Müştərilər dava saldı, biri bıçaqlandı
    • Dünən, 22:03
    • 48

Ana və qızın işlətdiyi çayxanada qanlı cinayət: Müştərilər dava saldı, biri bıçaqlandı

Tərtər rayonunda 1999-cu il təvəllüdlü Nizami şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Bəhruza (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

News24.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nizami ötən ilin iyulun 3-də, saat 23 radələrində Tərtər rayonunun kəndlərindən birinin ərazisində yerləşən çayxananın qarşısında olan insanlara əhəmiyyət verməyib. O, ictimai qaydanı kobud surətdə pozaraq bıçaqla 1993-cü il təvəllüdlü Bəhruza bir dəfə vurub. 

Hadisəni törədən Nizaminin barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizami ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dostu Əsədlə birlikdə Fazilənin işlətdiyi kafeyə gedib: “Əsəd kafeyə getməmişdən əvvəl həmin kafeni işlədən Fazilə ilə aralarında mübahisəsi olduğu üçün getmək istəmədiyini dedi. Mən isə Əsədə narahat olmamasını, mənimlə birlikdə gəlməsini bildirdim. Əsədlə birlikdə kafeyə gedən zaman digər dostum Sahib kafenin qarşısında bizi gözləyib. Görüşdükdən sonra kafedə əyləşdik, adama bir bakal pivə sifariş verdik. Sifarişlərimiz gəldikdən bir qədər sonra həmin kafedə işləyən tanımadığım qız işçi Əsədə yaxınlaşaraq onun problem yaratdığını, bu səbəbdən də getməsini dedi. Mən həmin qıza narahat olmamasını və mənim yanımda heç bir problem olmayacağını bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Fazilə yaxınlaşaraq ondan əvvəl qız işçinin dediyi eyni sözləri deyib: “Mən də Faziləyə təkrarən narahat olmamasını, mənim yanımda heç bir problem olmayacağını dedim. Fazilənin sözlərindən sonra Sahib orada oturmağımızın düzgün olmadığını və getməli olduğumuzu dedi. Biz razılaşaraq hesabı verdik və kafedən çıxan zaman Faziləyə hörmətsizlik etmədiyimiz halda özlərinin iki dəqiqədən bir yaxınlaşaraq getməyimizi dediklərini irad bildirdim. Fazilənin qız işçisi olan Südabə bu vaxt kənardan sərt şəkildə getməyimizi dedi. Südabənin sözündən sonra güldüm. Südabə də üzərimə doğru gələrək mənə təpik atdı. Lakin həmin təpiyin dəyib-dəymədiyini xatırlamamışam. Daha sonra mən də qıza təpik atdım. Biz kafedən çölə çıxan zaman Südabə və Fazilə hərəsi bir tərəfdən yaxamdan tutdu. Onların arxasınca isə Bəhruz qışqıraraq gəldi, mənim yaxamdan tutdu. Bəhruzdan Faziləgilin nəyi olduğunu, nə üçün yaxamdan tutduğunu soruşdum. Südabə, Fazilə və Bəhruz isə hərəsi bir tərəfdən yaxamdan tutdular. Mən də artıq yıxılacağım üçün üzərindəki bıçağı çıxardım və bir dəfə Bəhruza vurdum”.

Nizami bildirib ki, Bəhruz gələrək yaxasından tutmasaydı, bu hadisə baş verməzdi: “Mən Fazilənin işlətdiyi çayxanaya onun həmin çayxananı işlətməyə başlamamışdan əvvəl də bir neçə dəfə getmişəm. Mən Bəhruza söyüş söyməmişəm, onu əvvəllər tanımamışam, heç bir düşmənçiliyim və ədavətim də olmayıb. Südabə məni təpiklə vurduqdan sonra onun arxası ilə getmişəm, qolundan tutaraq kənara itələmişəm. Südabə qışqıraraq səs-küy saldığı üçün Bəhruz mənə tərəf gələrək yaxamdan tutub. Mən də Bəhruza kim olduğunu, qızın onun nəyi olduğunu demişəm. Mübahisə vaxtı Bəhruz, Südabə və Fazilə yaxamdan tutaraq hərəsi bir tərəfə çəkiib. Mən də onların məni vurmasına imkan verməmişəm. Bıçağı çıxararaq Bəhruzu vurmuşam. Mən mübahisə zamanı nalayiq ifadələr işlətməmişəm və Südabəyə söyüş söyməmişəm. Bəhruz yanıma çatan kimi köynəyimdən tutaraq çəkib. Bəhruzun yanıma gəlməkdə məqsədi bizi ayırmaq olub. Yaxınlaşan zaman Bəhruz məni vurmayıb. Mən mübahisə zamanı xanımlara qarşı nə dediyimi xatırlamamışam. Hadisə zamanı kafedə 15-20 nəfər adam olub. Bəhruzu bıçaqla vurduqdan sonra sonuncu mənə stol atıb. Mən Fazilənin işlətdiyi kafeyə getməmişdən əvvəl Əsədin orada əvvəllər özünü normal aparmadığını bilməmişəm. Bununla belə həmin kafeyə getməyi Əsədə mən təklif etmişəm. Kafeyə çatanda Əsəd əvvəl orada mübahisə etdiyini deyib. Əsəd kafedə əvvəl mübahisə etməsini deməsinə baxmayaraq, mən ona “narahat olma, burdaya,m gedək” deməmişəm. Mənim qolumun biri işləməyib. Lakin əlillik dərəcəsi  almamışam. Törətdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş Bəhruzun sözlərinə görə, iyulun 3-də, axşam saat 23 radələrində Fazilənin işlətdiyi kafedə əyləşib: “Həmin vaxt Nizami tanışları ilə içəridə, biz isə kafenin qarşısında qoyulmuş stolda oturduq. Mən Nizamini kafedə birinci dəfə idi görmüşəm. Nizami ilə düşmənçiliyim və ədavətim olmayıb. Nizami mübahisə edəndə sadəcə onları ayırmaq istəmişəm. Bu zaman Nizami bilmədən əlində olan şeylə məni vurdu. Həmin vaxt Nizaminin məni vurduğunu bilməmişəm. Sonradan Nizaminin məni vurduğunu hiss etmişəm. Bundan sonra xəstəxanaya getmişəm və əməliyyat olunmuşam”. 

Zərərçəkmiş ifadəsində göstərib ki, Fazilənin işlətdiyi kafeyə xalası oğlu Bəhramla birlikdə gedib: “Nizamini hadisə gününə qədər tanımamışam. Nizami dostları ilə içəridə əyləşib. Ona görə də onların stolu ətrafında neçə nəfər əyləşdiyini bilməmişəm. Mən kafenin qarşısında əyləşib çay içəndə mübahisə yaranıb. Nizami kafedən çöldə başqa adamla mübahisə edib. Mən isə Nizamini aralamaq istəmişəm. Lakin Nizaminin kiminlə mübahisə etdiyini bilməmişəm. Nizami əyləşdiyi adamlarla da mübahisə etməyib, mübahisəsi başqaları ilə olub. Mübahisə zamanı Südabə ilə Nizami tutuşıb. Mən mübahisənin nə ilə bağlı olduğunu bilməmişəm. Sadəcə mübahisənin böyüyəcəyini görərək onları ayırmaq istəmişəm. Mübahisə vaxtı məndən başqa Fazilə və xalam oğlu Bəhram da oradakıları ayırmağa çalışıblar. Hadisə zamanı məndən başqa xəsarət alan olmayıb. Nizami məni vurduqdan sonra gedib. Mən sonradan qan axdığını gördüm və Nizaminin məni vurduğunu anladım. Mən  mübahisəni ayıran zaman Nizaminin əlində bıçaq görməmişəm. Mən kafeni işlədən Fazilə xanımı həmin kafeyə gedib-gəldiyim üçün tanımışam. Onunla münasibətim yaranıb. Buna görə də mən mübahisəni ayırmağa çalışmışam”. 

Zərərçəkmiş Bəhruzun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb. 

Zərərçəkmiş həmin ifadəsində göstərib ki, Südabə tualetə çatmağa az qalmış o, “Qara” ləqəbli Nizaminin Südabə ilə mübahisə etməsini görüb: “Bu vaxt Fazilə də onların mübahisəsini gördü və çayxanadan çıxaraq həmin yerə getdi. Mən də onları aralamaq məqsədi ilə stoldan qalxıb həmin yerə getdim. Nizami Südabəyə hücum edəndə onu vurmaması üçün tutaraq kənara çəkdim. Mən onları aralayan zaman Nizami  qarın nahiyəmdən əlində olan bıçaqla, yaxud kəsici alətlə bir dəfə zərbə vurdu. Sonra qaçmağa başladı. Mən də Nizamini tutmaq üçün arxasınca qaçdım. Lakin Nizamini tuta bilmədim”.

Qeyd edək ki, cinayət işində adı keçən Südabə kafeni işlədən Fazilənin qızı olub. Südabə ifadəsində göstərib ki, təqsirləndirilən Nizami ilə gələn şəxslərdən özünü normal aparmayan oğlan əvvəllər də çayxanaya gəlib, dava salıb və həmin oğlanın nə isə psixi problemi olduğu görünüb: “Anam həmin oğlana əvvəllər də çayxanaya gəlməməsini deyib. Lakin hadisə günü anamın belə deməsini eşitməmişəm. Nizami və yanındakı üçüncü adam masada əyləşib pivə içib. Mən anam ilə Nizami arasında mübahisənin başlanma səbəbini bilməmişəm. Nizamigillə anam çayxanadan çölə çıxdıqdan sonra mən də onların arxası ilə getmişəm. Nizami anam Fazilədən nə üçün onunla gəlmiş adamın buraya gəlməməsini dediyini soruşub. Anam isə həmin oğlanın hər dəfə çayxanaya gələndə səs-küy saldığını və özünü apara bilmədiyini dedi. Bundan sonra mən Nizaminin nə dediyini bilməmişəm. Ona görə də onlara yaxınlaşaraq nə üçün anam ilə mübahisə etdiklərini soruşmuşam. Nizami anam Fazilənin mübahisə zamanı vurmayıb, onlar sadəcə sözlü mübahisə ediblər”. 

Südabə daha sonra ifadəsində onların mübahisəsinə Bəhruzun qarışdığını, mübahisənin daha da böyüdüyünü deyib: “Anam Nizamigilə çayxanadan getmələrini dedikdən sonra onlar çıxdılar. Bundan sonra Nizami anama sözü olduğunu dedi, çayxanadan çölə çağırdığı üçün anam da çölə çıxdı. Mən Nizaminin anama nə sözü olmasını bilməmişəm. Nizami anam ilə qışqıraraq danışdığı üçün çölə çıxdım. Bəhruz isə bizim dalaşdığımızı görərək yanıma gəldi. Bəhruzgil çayxanadan çöldə stol qoyaraq əyləşdi. Bəhruzun  yanında başqa bir nəfər də oturub. Mən Bəhruzu çayxanaya tez-tez gələn müştəri kimi tanımışam”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizami 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.