Süni intellektin silah sənayesinə inteqrasiyası - ABŞ istifadə edir, bəs Azərbaycan?
    • Dünən, 23:23
    • 46

Süni intellektin silah sənayesinə inteqrasiyası - ABŞ istifadə edir, bəs Azərbaycan?

ABŞ Silahlı Qüvvələri 2025-ci ilin avqust ayına qədər süni intellekt funksiyalarına malik bir neçə min pilotsuz uçuş aparatı (PUA) və amfibiya aparatlarından istifadə edəcək. Bunu ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Yaponiyanın “Sankei” nəşrinə müsahibəsində deyib. Görəsən, Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir?

News24.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov KONKRET.az-a açıqlamasında Ordumuzun arsenalında süni intellekt moderlərinin tətbiq olunduğu silahların olduğunu dedi:

“Hazırda biz silah sənayəsində süni intellekt modelinin tətbiqi ilə bağlı istehlakçı ölkəyik. Özümüzü inkişaf etdirməyə çalışırıq. Ancaq bir məsələ var, Azərbaycan II Qarabağ müharibəsində V nəsil silahlarla döyüşdü. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən mövqelərinin kordinantlarını əldə edib, məhv edirdik. Göründüyü kimi, arsenalımızda olan bu növ silahlarda süni intellekt moderləri tətbiq olunur”.

Mütəxəssis bəzi dövlət qurumlarının artıq öz işlərində sözügedən vasitədən istifadə etdiyini bildirdi:

“Dövlət qurumları hazırda bəzi sahələrdə süni intellekt modelindən istifadə edir. Məsələn, DTX, Azərkosmos kimi nümunələrimiz var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində süni intellekt laboratoriyası yaradılıb. Digər nazirliklər də bu sahədə ilkin addımlarını atır. Lakin burada bir məsələ var. Azərbaycan süni intellekt modelini yarada bilər. Burada bir problem yoxdur. Lakin məsələ “big data” seçimini yükləməkdir. Çalışırıq ki, bu sahə üzrə inkişaf edək. Azərbaycan dilində yetərincə material yoxdur”.