İqlim dəyişikliyi çay sortları tapmağa vadar edir
    • Dünən, 21:24
    • 67

İqlim dəyişikliyi çay sortları tapmağa vadar edir

Türkiyədə alim və aqronomlar iqlim dəyişikliyinin ölkənin kənd təsərrüfatına təsirini azaltmaq üçün quraqlığa davamlı çay sortları əkməyi planlaşdırır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, layihə ÇAYKUR şirkəti, TÜBİTAK elm mərkəzi və Rəcəb Tayyib Ərdoğan Universitetinin mütəxəssislərinin birgə səyləri ilə Türkiyənin şimal-şərqində yerləşən Rize vilayətində həyata keçirilir.

Təşəbbüs çərçivəsində Türkiyəyə Azərbaycan, Çin və Yaponiyadan quraqlığa davamlı 4 sort çay gətirilib.

Bundan əlavə, Türkiyənin milli çay genləri anbarında saxlanılan 2034 sort çayın xüsusiyyətləri tədqiq edilib ki, bu da laboratoriya şəraitində xüsusi plantasiyalarda əkiləcək və üç il müddətində tədqiq olunacaq 12 çeşidin öyrənilməsinə imkan verib.

Nəticədə məhsulun saxlanmasına kömək edəcək ən quraqlığa davamlı çay sortu ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, cari ilin birinci yarısının yekunlarına görə, Türkiyə 112 ölkəyə 2898 ton çay tədarük edib ki, bu da ölkəyə 14 milyon dollara yaxın gəlir gətirib. Türk çayının ən böyük bazarları Belçika, Böyük Britaniya və ABŞ olaraq qalır.

Türkiyədən çay ixracının demək olar ki, yarısı (49 faizi) Qara dənizin sahilindəki Rize vilayətindəndir.