Vüqar Səfərlinin əmlakları özünə qaytarılır
    • Bu gün, 16:22
    • 91

Vüqar Səfərlinin əmlakları özünə qaytarılır

Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib.

News24.az xəbər verir ki, bu barədə “Report”a onun vəkili Hikmət Əliyev məlumat verib.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun cinayət işi üzrə müsadirə olunan əmlaklarını geri qaytarmaq üçün verdiyi apellyasiya şikayətinə baxılıb.

Qərara əsasən, onun əmlaklarının bir qismi geri qaytarılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həmçinin hökmə əsasən, V.Səfərlinin əmlakları, özünün və oğlunun bank hesablarında olan vəsaitləri dövlət nəfinə müsadirə edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.