Hansı valyuta daha etibarlıdır?
    • 23-08-2024, 15:18
    • 615

Hansı valyuta daha etibarlıdır?

Banka əmanətlərini yerləşdirmək istəyən vətəndaşları bir sıra məsələlər narahat edir. Bunlardan biri də əmanətin hansı valyuta ilə yerləşdirilməsidir.

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, əmanətlər səbət formasında yerləşdirilməlidir. 

O, vurğulayıb ki, vətəndaşın əmanətini səbət formasında yerləşdirməsi onu risklərdən qoruyur:

"Biz hər zaman əmanətin səbət formasında yerləşdirilməsini təklif edirik. Yəni, əmanətin həm manat, həm dollar, həm də avro da yerləşdirilməsi məqsədəuyğun hesab edilir. Vətəndaşın 100 min manatı varsa, həmin vəsaitin bir hissəsini manatda, bir hissəsini dollarda, bir hissəsini də avroda yerləşdirə bilər. Bu halda praktik olaraq valyuta risklərindən sığortalanmış olur. Ancaq nəzərə almaq lazımdır ki, xarici valyutada depozit faizi, yəni, gəlirlilik yüksək deyil. Manatda isə depozit faizi yüksəkdir. Bu baxımdan vətəndaşın yanaşması da önəmlidir. Depozit sahibi gəlirliliyə yoxsa, valyuta risklərinin sığortalanmasına üstünlük verir. Nəticə etibarı ilə vətəndaşın əmanətini səbət formasında yerləşdirməsi onu həm risklərdən qoruyur, həm də daha çox gəlir əldə etməsinə gətirib çıxarda bilər".

Günel Məlikzadə