"Dövlət siyasəti deyir ki, ot yemək sağlamlıq üçün xeyirlidir" - AÇIQLAMA
    • Bu gün, 11:11
    • 207

"Dövlət siyasəti deyir ki, ot yemək sağlamlıq üçün xeyirlidir" - AÇIQLAMA

"Şimali Koreya müharibəyə hazırlaşır mövzusu yenidən dünya gündəminə gəlib". 

Bunu News24.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

Politoloq bildirib ki, bu mövzunun yenidən gündəmə gəlməsinin səbəbi bu günlərdə Şimali Koreya diktatorunun Hərbi Elmlər Akademiyasının dron, yəni PUA bölümündə yeni silahlar istehsalı haqqında və o cümlədən də, intiharçı dronların istehsalı, onların sınağı mövzusuna toxunmasıdır:

"Yəni ölkədə belə bir ideya, tələb olub. Şimali Koreya diktatoru bildirib ki, biz həm intiharçı dronlar, həm sualtı dronlar və digər növlərin istehsalını inkişaf etdirməliyik. Burdan da belə bir nəticə çıxarılıb ki, guya Şimali Koreya müharibəyə hazırlaşır. Şimali Koreya hər zaman müharibəyə hazırlaşıb. O millitarist bir dövlətdir. Onun bütün resursları, gücü, elmi sənayesi yalnız və yalnız hərbiyə köklənib. Yəni bir ölkədəki insanlar aclıqdan ot yeyir və dövlət siyasəti deyir ki, ot yemək sağlamlıq üçün xeyirlidir. Amma bunun əvəzinə nüvə silahı, ballistik raketlər, özü də nüvə silahının təkcə atom bombası növü deyil, həm də hidrogen bombası növü, hərbi texnika, mərmilər və s istehsalı ilə məşğuldur. Bu dövlətin yeganə hədəfi silahlanmaq və əsas rəqibi olan Cənubi Koreyaya yönəlik hərbi siyasət həyata keçirtməkdir. Ancaq bu proseslərdən belə bir qənaətə gəlmək ki, Şimali Koreya müharibəyə hazırlaşır bu, bir az şişirtmədir. Cənubi Koreyada belə bir mərhələnin, xüsusilə də həmin o dronlara süni intellekt elementlərinin tətbiqi, süni intellekt proqramları və alqoritmlər vasitəsilə idarə olunması, ciddi narahatlıq doğurub. Cənubi Koreya belə qərara gəlib ki, dronlarla mübarizə üçün lazer silahının istehsalına başlanılsın. Həmçinin yüksək mərtəbəli binaların üzərində həmin qurğular və artilleriya qurğuları yerləşdirilsin. Amma bu o demək deyil ki,  biz Koreya yarımadasında növbəti qarşıdurmanın və yaxud gərginliyin şahidi oluruq. Bu gərginlik hər zaman olur, yeni bir şey yoxdur". 

Politoloq vurğulayıb ki, iki Koreya ölkəsi arasında müharibə ehtimalı ya həmin bölgədə, ya da ümumiyyətlə dünyada böyük müharibə başlasa yüksək olacaq:

"Bu gün böyük müharibə başlama təhlükəsi olan bölgələrdən biri də Cənubi Çin dənizi bölgəsidir. Orada Tayvanla Çin arasında gərginlik mütəmadi olaraq artır. Sonradan yenidən müəyyən bir sakitlik mərhələsi başlayır. Amma bu gün məhz Rusiyanın Ukrayna siyasətində üzə çıxan problemlər, iflas, faktiki bir çox ölkələri ehtiyatlı olmağa sövq edir. Çin hərbi gücü baxımından bəlkə də Tayvanı çox rahatlıqla işğal edə bilər. Ancaq anlayırlar ki, bunun çox ciddi siyasi, iqtisadi və hətta hərbi fəsadları ola bilər. Bu günlərdə məlum oldu ki, ABŞ prezidenti Cozef Bayden ABŞ-ın yeni nüvə doktrinası adlı məxfi bir sənəd imzalayıb. Həmin sənəddə təkcə Rusiya deyil, Çin də düşmən, rəqib dövlət kimi nəzərdən keçirilir. Bu məlumatlar dövlətlərə mesaj ötürür. Yəni, Çin müharibəyə başlayarsa, ABŞ da müharibəyə qoşula bilər. Eyni zamanda, Şimali Koreya Cənubi Koreyaya qarşı hərbi əməliyyatlara başlayarsa, burada ABŞ və hətta bütövlükdə NATO prosesə qoşula bilər. Yəni dünya indi elə bir ərəfədədir ki, müharibə təhlükəsi artmaqdadır. Təəssüf ki, Yaxın Şərqdə də, Şimali Afrikada da müharibə təhlükəsi artmaqdadır". 

Günel Məlikzadə