Bədənimizdə psixoloji ağrılar nədən qaynaqlanır?
    • Dünən, 22:22
    • 134

Bədənimizdə psixoloji ağrılar nədən qaynaqlanır?

Bəzən bədənimizdə heç bir səbəb olmadan müxtəlif ağrılar hiss edə, hətta uzun müddət buna məruz qala bilirik. Qəribə olan isə odur ki, həkimə müraciət etsək belə, bu ağrıların tibbi səbəbi olmadığını öyrənirik. Bu ağrıların əsas səbəblərindən biri də insan psixologiyası ilə bağlıdır.

News24.az xəbər verir ki, Modern.az mövzu ilə bağlı psixoloqlar Vüsalə Əmiraslanova və Nizami Orucovun fikirlərini öyrənib.

V.Əmiraslanova bildirib ki, insan bədənindəki ağrıların həm fizioloji, həm də psixoloji ağrıları ola bilər:

“Fizioloji səbəblər hansısa orqanda olan xəstəliklər, simptomatik hallardır. Amma psixosematik ağrılar da var ki, insanın beynində yaratdığı düşüncələrə, qorxulara bağlı ola bilir. İnsanın bədənindəki psixoloji ağrıların səbəbləri çoxdur. Bəzən insan durduq yerdə özünə ağrı qazandıra, özünü xəstələndirə bilər. Amma ümumi götürdükdə bir yerdə ağrı varsa, biz əvvəlcə tibbi yoxlanışdan keçiririk. Tibbi təsdiq olunmazsa, o zaman psixosematik ağrı olaraq adlandıra bilirik".

O qeyd edib ki, bu ağrılar müxtəlif şəkildə özünü göstərə bilir:

“Bəzən psixoloji olaraq bizim qulağımız ağrıyır, səsimiz tutulur, öskürməyə başlayırıq, ürəyimiz sancır. Bədənimizdə ümumi ağrılar baş göstərir. Bununla yanaşı kürək və onurğada da ağrılara rast gəlinir”.

Psixoloq Nizami Orucovun sözlərinə görə, psixoloji vəziyyətimizə bədənimizin reaksiya verməsi çox normaldır:

“Bu özünü bəzən ağrılarla, ya da başqa narahatlıqlarla biruzə verə bilər. Bu cür ağrılara psixosomatik ağrılar deyilir. Gün ərzində bir çox situasiya içərisində oluruq. Ya da uzun müddətli düşüncə, stress halları bədənimizdə yığılır. Beynimiz bunun təsiri altında olur. Nəzərə də alsaq ki, bədənin idarəçisi beyindir, beyində də vəziyyət qarışıq olduqda, bədən buna reaksiya göstərməyə başlayacaq. Yəni şərt deyil ki, bədəndə ağrı olması üçün gözlə görüləcək ziyan, zədə görək. Hisslərimiz, düşüncələrimiz, əhval-ruhiyyəmiz, gözlə görünməyən olsa belə, bax bu cür təsirə malik ola bilir. Stress, həyəcan, qorxu, davamlı düşüncə halında olmaq nəticəsində çox zaman bədənin baş, boyun, kürək və ya ayaq nayihələrində ağrı ola bilər. Yüklənmə nəticəsində əzələlər gərginləşir və bizdə bir şeylərin yolunda olmadığını bədənimiz bizə bildirir”.

Psixoloq sonda vətəndaşlara məsləhət olaraq bildirib ki, əgər fiziki ağrılarımızın tibbi əsası yoxdursa, gərək insanlar bu halda psixoloqa müraciət etməli, duyğu və hisslərini təsirsiz bilməməlidirlər.