"Quran"la insanları aldadanlar... - DİN-dən AÇIQLAMA
    • Dünən, 23:11
    • 240

"Quran"la insanları aldadanlar... - DİN-dən AÇIQLAMA

Sosial mediada fala baxdığını, "Quran"la istixarələr edərək gələcəklə bağlı proqnoz verdiyini iddia edən şəxslərə rast gəlinir. Müşahidələr göstərir ki, buna inanan yüzlərlə adam var, davamlı olaraq həmin şəxslərə müraciət edənlərin sayı az deyil.

Bəs dində bu mövzuya yanaşma necədir? Həqiqətən də gələcəyimizi əvvəlcədən görən, nələr yaşayacağımız biləcək insanlar varmı?

Mövzu ilə bağlı açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli qeyd edib ki, qədim zamanlardan bəri ümid tacirləri onlara üz tutan şəxsləri aldadaraq, əziyyətlə qazandıqları pulu mənimsəyiblər.

“Bu cür adamlar son zamanlarda "Quran"a yönələrək insanlarda inam yaratmaq, etibarlı görsənmək istəyirlər. "Quran"la istixarə etdirmək dinimizdə var, böyük din alimlərimiz son anda qəliz mövzularda qərar vermək üçün bu amildən istifadə ediblər. Ancaq bunu hər din adamı edə bilməz, xüsusi ilə son vaxtlarda sosial mediada geniş vüsət alan, özünü din adamı adlandıran bu şəxslər insanlara müxtəlif dərəcədə təsir etməkdən başqa heç nə bacarmırlar. Böyük ümidsizliklərə uğrayan şəxslər son yol olaraq bu cür insanlara müraciət edirlər. Bu çarəsizlikdən məharətlə istifadə edən şəxslər də həmin adamlardan külli miqdarda pul mənimsəyirlər. 5 dəqiqədən, 15 gündən sonra nəyi baş verəcəyini heç kim iddia edə bilməz”, - o qeyd edib.

İlahiyyatçı Tural İrfan da bildirib ki, dini özünə alət edərək insanları aldatmaq istəyən insanlar hər gün daha da artır. “Bu şəxslər iddia edirlər ki, dünyanın hər yerində müxtəlif vasitələrlə - kartlarla, dini kitablarla gələcəkdə baş verənləri bilmək olur. Bu fikirlərə inanan çox sayda insan var, bu proseslər qanunla tənzimlənməlidir, əks halda bu problem heç vaxt həllini tapmayacaq. Eyni zamanda insanlar maariflənməli, islam haqqında düzgün məlumatlanmalıdır”.

Daxili İşlər Nazirliyi (DİN) də məsələyə münasibət bildirib. Qurumun Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov saytımıza açıqlamasında deyib ki,  sözügenən problemlər bağlı DİN-ə davamlı olaraq müraciətlər gəlir. “Sosial şəbəkələrdə  “falçılıq”, “baxıcılıq” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Bu kimi hallarda özünü “falçı” və “baxıcı” kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması ilə müşahidə olunur.

Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

(modern.az)