Ətrafımızdakı gizli pedofillər kimlərdir? -Qorxunc faktlar
    • 21-01-2020, 14:17
    • 1 157

Ətrafımızdakı gizli pedofillər kimlərdir? -Qorxunc faktlar

Son dövrlər Azərbaycanda azyaşlılara qarşı zorakılıq halları çoxalmaqdadır. Demək olar ki, hər gün medaida qız və ya oğlan uşaqlarının zorlanma, işgəncə verilməsi kimi xəbərlər alırıq. Azyaşlılara qarşı belə davranışlar haqda məlumatlar insanları təşvişə salır. Valideynlərdə övladları üçün qorxu, təlaş yaradır. Hamını bir sual maraqlanıdırır, necə edək ki, övladlarımızı bu cür “manyak”, pedofil-cinayətkarlardan qoruyaq?  
    
News24.az-a danışan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılovla bu suala aydınlıq gətirməyə çalışdıq. 
Mərkəz rəhbəri ilk olaraq pedofiliyanın anormal  davranış olduğunu bildirib: “Pedofillər ruhi cəhətdən xəstə insanlardır. Sadəcə, onlar digər ruhi xəstələrdən fərqli olaraq, öz hərəkətlərini yaxşı dərk edir, özlərini  cəmiyyətdə normal idarə edə bilirlər. Bu səbəbdən də onların çirkin əməl törədəcəyi ətrafdakıların ağlına gəlmir”.

“Pedofiliya çox təhlükəli haldır” deyən mütəxəssis bildirib ki, bu, digər zorakılıqlardan qat-qat qorxuncdur: “Çünki zorlanan qadın heç olmasa özünü müdafiə edə bilər. Amma uşaqlar çox köməksizdirlər. Bu səbəbdən də onlar ən təhlükəli cinayətkarlardır”.  
 
“Hər yaşda pedofil ola bilər”
 
Psixiatrın sözlərinə görə, pedofiliya hər yaşda ola bilər: “Belə hallar anti-sosial, qadınların diqqətini çəkməyi bacarmayan insanlarda daha çox olur. Bu insanlar milli mənəviyyata, etik, sosial standartlara nifrət edirlər və bunlara riayət etmirlər. Onlar real həyatda uğursuz insanlardı. Özlərini ifadə edə bilmirlər, insanlarla normal münasibətlər qura bilmirlər, ən əsası belə insanlarda özünü qiymətləndirmə aşağıdır. Məhz bu səbəbdən həmin şəxslər ən köməklsiz obyekti axtarırlar. Elə adam seçirlər ki, özünü müdafiə edə bilməsin”. 
Son dövrlər pedofillərin artması məsələsinə münasibət bildirən F.İsmayılıov qeyd edib ki, belə insanlar hər zaman olub: “Belə xəstələr Sovet vaxtında da olurdu. Sadəcə, indi sosial şəbəkələr, çox sayda media qurumları, saytlar var. Ona görə bu problem daha qabarıq görünür”. 
 
“Pedofiliyanı uşaqlıqdan təyin etmək mümkün deyil”
 
Psixiatr qeyd edir ki, pedofiliyanın bir xəstəlik kimi insanlarda uşaqlıqdan bəlli olması mümkün deyil: “Əgər əvvəldən bunların qarşısının alınmasını mümkün olsaydı, bizim də işimiz asan olardı. Təəssüflər olsun ki, heç kim bunu bilmir. Sadəcə, bu insanlar həyatda uğur qazana bilməyənlərdir. Bu səbəbdən də valideynlər uşaqlarına münasibətdə çox diqqətli olmalı, düzgün tərbiyə verməlidirlər. Onlara yaxşı təhsil verməli, maraqlı məşgulliyyətləri olmasına çalışmalıdırlar. Ən əsası isə uşaqların özünü qiymətləndirməsi çox yüksək olmalıdır. Bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Bəzən yüksək olmaya bilər, heç olmasa orta səviyyədə olmalıdır. Bunlara riayət etsələr, bəlkə gələcəkdə bir cinayətkar yetişməsinin qarşısını ala bilərlər”. 
 
Pedofilləri necə tanıyaq? 
 
Psixiatr onu da nəzərə çatdırır ki, pedofillər əsasən tanış, ailəyə yaxın adamlar olur: “Belələri çox zaman zorakılıq göstərdiyi uşağın ailəsinə yaxın, yaxud qonşuluqda yaşayan biri olur. Çox nadir hallarda pedofil zərərçəkənə uzaq adam olur. Uşaqlar sadəlöhvdürlər. O insana etibar edir, ağlına da gətirmirlər ki, nəsə pis bir şey baş verə bilər. 
Pedofillər adətən tək və ya valideynləri ilə yaşayırlar. Ya işsiz olur, ya da tez-tez işlərini dəyişirlər. Çünki onlar özlərini ifadə edə bilməyən, kompleksli insanlardır. Onların içində həmişə gizli aqressiya izlənə bilər. Nərmini oğurlayan İlkin də bu tipaja aiddir. O da işləmir, öz valideynləri ilə yaşayır. Baxmayaraq ki, onun yaxşı təhsili var, özünü normal ifadə də bilmir. Yəni sadaladığımız xüsusiyyətlər ona da aiddir”.  
 
“Sonradan məlum oldu ki, 8 yaşında qonşu onu zorlayıb...”
 
F.İsmayılovun sözlərinə görə, çalışdığı mərkəzə bu məsələ ilə  bağlı mərkəzə əsasən zorakılığın qurbanları olanlar müraciət edir: “Bizə müraciət edənlərin sayı çox olmur. Edənlərin əksəriyyəti də  başlarına gələn hadisələri gizlədirlər. Məsələn, bizə bir qız müraciət etmişdi, ağır depressiyada idi. 22 yaşı vardı. Mən soruşdum, dedi ki depressiya onda çoxdan başlayıb. Söhbət əsnasında aydın oldu ki, 8-9 yaşında qonuşuluqda olan kişi tərəfindən zorlanıb. Depressiya da elə o vaxtdan başlayıb. Üstəlik, qız başına gələni anasına desə də, valideyni ona inanmayıb”. 
Bizə müraciət edən başqa bir oğlanla da danışıqlar apardıq. Danışdıqca anlayırsan ki, gələcəkdə bu adam cinayətkar olacaq. Həmin oğlan öz fantaziyaları barədə danışır, “mən həmişə balaca qızlar haqqında fikirləşirdim” deyir. Baxıram ki, bu adam manyakdı.
Əlbəttə, biz bu cür şəxsləri müalicə edirik, psixoloji müdaxilə ilə yardım etməyə çalışırıq. Amma yenə də belə insanların gələcəkdə nə edəcəklərinə heç kim qarantiya verə bilməz”. 
 

Pedofillər necə cəzalandırılsın? 

“Qazaxıstanda pedofilləri çox ağıllı formada cəzalandırırlar” deyən psixiatr onların kimyəvi axtalandırıldığını bildirib: “Bu, həqiqətən yaxşı üsuldur. Fransada da, Belçikada da, bir çox xarici ölkələrdə də pedofiliya ilə mübarizə bu qanunla tənzimlənib. Avropa ölkələrində isə bağçalarda, məktəblərdə uşaq psixoloqları maarifləndirmə işləri aparırlar”. 
 
 “Anana desən, onu öldürəcəyəm” 
 
deyəF.İsmayılov bildirir ki, Azərbaycanda da bu kimi dəhşətli hadisələrin qarşısının alınması üçün məktəb psixoloqları xüsusi treninq keçməlidirlər: “Zorakılığa həssas uşaqlarla danışmalıdırlar. Valideynlər də diqqətli olmaldırlar, zorakılığa məruz qalan uşaqlar özünəqapanan olur. Onlar əks cinsi və ya öz həmcinsi olan insanlardan çəkinməyə başlayırlar. Belə uşaqlarda qorxular, qarabasmalar olur, onlar müxtəlif yuxular görürlər. 
Psixoloqlar belə məqamlara diqqət eləməlidirlər. Valideynlər elə etməldirilər ki, uşaqlar öz şikayətlərini onlara desinlər. Bu zaman yaxınları onları müdafiə edə bilər. Çünki zorakılıq edən insanlar uşaqları tez tez hədələyirlər, onlara “anana desən, ananı öldürəcəm” kimi təhdidlər edirlər. Amma valideyn diqqətli olsa, uşağında baş verən dəyişikliyi hiss edə bilər”. 
 
Afaq Mirayiq